“Xəzər Lənkəran” qələbəsiz oyunlar seriyasına son qoydu
09.08.2010 - 10:26
“Xəzər Lənkəran” qələbəsiz oyunlar seriyasına son qoydu
“Xəzər Lənkəran” komandası qələbə həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, keçirdiyi son 5 oyunda qələbə qazana bilməyən komandanın 94 günlük həsrəti “Qəbələ” ilə avqustun 7-də keçirilmiş qarşılaşmada bitib. Mirça Rednikin yetirmələri doğma meydanda rəqibini 1:0 hesabı ilə məğlub edib.

Mayın 5-də Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Olimpik-Şüvəlan”ı 2:1 hesabı ilə məğlub etdikdən sonra Lənkəran təmsilçisi uğursuzluq zolağına düşmüşdü. Bu müddətdə 3 dəfə uduzub, 2 heç-heçə edən “Xəzər Lənkəran” bu nəticələrin ardından artıq sabiq baş məşqçisi Ağasəlim Mircavadovla da yollarını ayırmışdı.

A. Mircavadovun yetirmələri ölkə çempionatında mayın 9-da səfərdə “Qarabağ”a 1:2, 15-də evdə “Bakı”ya 0:1 hesabı ilə məğlub olmaqla qızıl medalları əldən vermişdi. Ölkə kubokunun “Bakı” ilə final oyununda isə rəqib 1:2 hesabına sevinmişdi. Ardıcıl 3 məğlubiyyətdən sonra komanda avrokuboklarda da mübarizəni dayandırmışdı. İyulun 1-də səfərdə 0:0 etdiyi Moldovanın “Olimpiya” klubunu Lənkəranda üstələyə bilməyən meydan sahibləri yenə heç-heçə ilə kifayətlənmişdilər – 1:1.

“Qəbələ” ilə oyun Unibank Premyer Liqasının ilk turuna təsadüf edib. Bu isə o deməkdir ki, çempionatdakı qələbəsizlik seriyasına da son qoyulub. Yuxarıda qeyd olunan “Qarabağ” və “Bakı” məğlubiyyətlərindən əvvəl də “Xəzər Lənkəran” çempionatda qalib gələ bilmirdi. Komanda aprelin 23-də evdə “İnter”, sonra isə səfərdə “Neftçi” ilə oyunlardan bərabərliklə ayrılmışdı – müvafiq olaraq 2:2 və 0:0. Son 4 Premyer Liqa matçında qələbə qazana bilməyən klub sonuncu dəfə yalnız aprelin 17-də çempionat qələbəsi qazanmışdı. Səfərdə “Qəbələ”ni məğlub edən (2:1) cənublular elə bu komanda ilə matçda 112 günlük və 4 oyunluq həsrətə son qoyublar.