Tovuz səfəri Sxadadze üçün 3 yubileylə əlamətdar oldu
09.08.2010 - 12:51
Tovuz səfəri Sxadadze üçün 3 yubileylə əlamətdar oldu
Unibank Premyer Liqasının ilk turu Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis Tovuzun “Turan” klubu ilə səfər matçında birdən-birə 3 yubiley qeyd edib.

“İnter”in 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Dmitri Kruqlovun vurduğu qol matçda sonuncu olmaqla yanaşı, ikiqat yubiley üçün yetərli olub. Bu top Sxadadzenin Azərbaycan karyerasında sevindiyi 100-cü qol olub. “Standard” və “İnter”də işlədiyi dövrlərdə gördüyü qollardan 79-u çempionat, 18-i kubok, 3-ü avrokubok matçlarına təsadüf edib.

Kruqlovun qolu həm də Sxadadzenin “İnter”lə çempionat oyunlarında sevincini yaşadığı 50-ci qol olub. Bu toplardan 47-nə ötən mövsüm şahid olan mütəxəssis cari mövsüm artıq 3 dəfə yetirmələrindən “hədiyyə” alıb. Üstəlik Tovuzda qazanılan qələbə gürcüstanlının Premyer Liqada qazandığı xalların sayının 3 rəqəmlə ifadə olunmasına səbəb olub. Bu matçadək “İnter”lə 64, “Standard”la 35 xal qazanan çalışdırıcı 100-cü yubiley xalını da raxada qoyub. O, çempionatımızdakı xallarının sayını 102-yə çatdırıb.

Vüqar XEYRULLAYEV