Əvvəl Azərbaycan yığması, sonra Avro-2012-nin təşkilatçısı
09.08.2010 - 23:14
Əvvəl Azərbaycan yığması, sonra Avro-2012-nin təşkilatçısı
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması daha bir yoldaşlıq oyunu barədə razılıq əldə edib. Apasport.az saytının məlumatına görə, Bundestim qitə birinciliyinin təşkilatçılarından biri olan Ukrayna yığması ilə də görüşəcək. Bu yoldaşlıq görüşünün gələn ilin noyabrın 11-də oynanılması razılaşdırılıb. Bu isə seçmə mərhələnin başa çatmasından sonrakı tarixdir. Yoahim Lövün yetirmələri Avro-2012-yə vəsiqə qazandıqdan sonra Ukraynanı sınağa çəkəcək.

Lakin Almaniyanın Ukrayna ilə oyunu baş tutmaya da bilər. Belə ki, noyabrın 11-i UEFA tərəfindən Avro-2012-nin pley-off mərhələsinin ilk oyunları üçün ayrılan tarixdir. Final mərhələsinə birbaşa vəsiqə qazanacaqlarına əmin olub yoldaşlıq oyunu razılaşdıran rəqibimiz bunun öhdəsindən gəlməzsə yoxlama oyunu ya birdəfəlik baş tutmayacaq, ya da təxirə salınacaq. Ukrayna və Polşanın şərikli təşkilatçılığı ilə keçirilən yarışa birbaşa çıxmaq üçün isə Bundestim ya qrup qalibi olmalı, ya da ikinci yeri tutanlar arasında ən yaxşı göstəriciyə nail olmalıdır.

Qeyd edək ki, millimizin almaniyalılarla oyunları bu il sentyabrın 7-dəKölndə və gələn il iyunun 7-də Bakıda keçiriləcək.