Əfran İsmayılov: Həmin epizodda rəqib mənə toxunmamışdı
10.08.2010 - 09:53
Əfran İsmayılov: Həmin epizodda rəqib mənə toxunmamışdı
“Bu gün Türkiyəyə yollanıram. Sabah isə cərrahiyyə əməliyyatı olunacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Unibank Premyer Liqasının I turu çərçivəsində “Neftçi” ilə qarşılaşan Ağdam təmsilçisi 3 xalı son dəqiqədə əldən verməklə yanaşı, əsas heyət oyunçusunu da dövrənin sonuna qədər itirdi. Matçın 41-ci dəqiqəsində zədələnən Əfranın artıq 6 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib: “Əməliyyatı Ömər Taş edəcək. O, Türkiyədə ən güclü cərrahlardan sayılır. Minimum 4 ay oynamayacağam”.

Futbolçu zədələndiyi anı isə belə xatırlayır: “Qaçan vaxt ayağım burxuldu. Bağların qırıldığını hiss etdim. Həmin epizodda rəqib mənə toxunmamışdı”.

Zədə üzündən “Qarabağ”ın Avropa Liqasındakı oyununa çıxa bilməyəcəyinə görə təəssüflənən futbolçu bildirib ki, pərəstişkarları onu tək buraxmır: “Sağ olsunlar, zəng vurub hal-əhvalımı xəbər alırlar. Sadəcə, mühüm oyun öncəsi komandama kömək edə bilməyəcəyimə görə təəssüflənirəm. Nə etmək olar? Görünür, qismət belə imiş”.