Cavadov “Qarabağ”a qayıdacağını istisna etmir
10.08.2010 - 12:37
Cavadov “Qarabağ”a qayıdacağını istisna etmir
“Artıq milli komandanın düşərgəsindəyik. Hər şey yaxşıdır və Küveytlə oyuna hazırlaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Hollandiyanın “Tvente” klubunun hücumçusu Vaqif Cavadov deyib.

Azərbaycan yığmasının sabah Küveytlə keçirəcəyi yoldaşlıq oyunu ilə əlaqədar Bakıya gələn Cavadov hazırlıqlarda iştirak edir. Oyunla bağlı fikirlərini açıqlayan hücumçu qol vuracağına söz verməyib: “Bütün diqqətimizi bu qarşılaşmaya yönəltmişik. Yaxşı nəticə qazanmaq istəyirik. Çoxdandır öz meydanımızda oynamırıq. Çalışacağıq ki, azarkeşlərin qarşısında yaxşı oyun sərgiləyək. Küveytlə orada keçirilən oyunda hesabı mən açsam da, yenə qol vuracağımla bağlı söz vermirəm”.

Daha sonra “Tvente”də baş verənlərlə bağlı danışan 22 yaşı hücumçu komandadan ayrılmaq ehtimalının olduğunu bildirib: “Hələlik çempionatda cəmi bir rəsmi oyun olub və mən heyətə daxil edilməmişəm. Buna çox əhəmiyyət vermirəm. İndi ancaq sabahkı oyuna hazırlaşıram. Avqustun 12-də Hollandiyaya yola düşəcəyəm. Komandadan ayrılmaqla bağlı hər şey ola bilər. Hələ 3 illik müqaviləm var. Ola bilsin, müqavilənin sonuna qədər komandada qaldım”.

Cavadov yenidən “Qarabağ”ın formasını geyinmək haqqında da düşündüyünü vurğulayıb: “Qarabağ” mənim üçün doğma klubdur. Nə vaxtsa bu komandanın formasını geyinməyi düşünürəm”.