Rəşad Sadiqov: Berti Foqts mənə hücuma qoşulmağı tapşırıb
10.08.2010 - 14:13
Rəşad Sadiqov: Berti Foqts mənə hücuma qoşulmağı tapşırıb
“Əfran İsmayılovun zədələnməsi həm “Qarabağ”, həm də yığma üçün ağır itkidir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.

Komanda yoldaşının yoxluğunun “Borussiya” ilə oyuna öz təsirini göstərəcəyini bildirən yarımmüdafiəçi hələlik yığmanın oyunu haqqında düşündüyünü vurğulayıb: “Yeni-yeni formaya düşmüşdü. Hər oyunda demək olar, qol vururdu. “Borussiya” ilə matçda bu öz təsirini göstərəcək. Ancaq indi yığmanın düşərgəsindəyik və milli barədə düşünürük. Küveytlə yoldaşlıq oyunu var”.

Son vaxtlar oyun qrafikinin sıx olması ilə bağlı “Qarabağ”ın futbolçularının yorğun olması ilə bağlı fikirlər səslənir. Buna münasibət bildirən Sadiqov 3 gündən bir oyun keçirməyə öyrəşməyin vaxtının çatdığını deyib: “Ötən il də belə alındı. Avropa Liqasının oyunları ilə Premyer Liqanın matçları bir-birinə qarışdı. 3-4 gündən bir oyunlar keçirirdik. Artıq buna öyrəşmək lazımdır. Avropanın aparıcı futbol ölkələrində bu adi haldır”.

“Qarabağ”da hücuma meylli oynayan Sadiqov yığmada müdafiəyə kömək edir. Ancaq klubdakı oyunundan sonra Berti Foqts Sadiqovdan hücuma tez-tez qoşulmasını istəyib: “Qarabağ”da hücumameyilli oynayıram. Foqts da məndən tez-tez hücuma qoşulmağımı tapşırıb”.