Küveytli məşqçi Azərbaycan yığmasını Özbəkistana bənzətdi - MÜSAHİBƏ
10.08.2010 - 23:09
Küveytli məşqçi Azərbaycan yığmasını Özbəkistana bənzətdi - MÜSAHİBƏ
Bu gün milli komandamızla qüvvvəsini sınayacaq Küveyt yığmasının məşqçisi Abdul Aziz Hamadanın apasport.az saytına müsahibəsi

- Azərbaycanla matçın hazırlığı barədə nə deyə bilərsiniz?
- Qeyd edim ki, biz bura ötən ilin fevralında Küveytdə keçirilən oyunun qarşılığı olaraq gəlmişik. Yəni razılaşmaya əsasən, komandalar arasında iki matç keçirilməli idi. Birinci Kveytdə baş tutub. Bu gün isə Bakıda hər iki yığma üz-üzə gələcək. Ölkənizə İstanbuldan gəldik.

- Bakını gəzmək imkanınız oldumu?
- Təəssüf ki, çox gəzə bilməmişik. Ancaq Bakı haqda müsbət fikirlərimiz var. İnsanlarınız çox mehriban və qonaqpərvərdir. Burada vaxtımız çox azdır. Sabah (bu gün-red) oyunla bərabər, ramazan ayının ilk günüdür.

- Bu oyunda nəticə sizin üçün nə dərəcədə önəmlidir?
- Əvvəla bildirim ki, biz bura hər iki ölkə arasında idman sahəsində mövcud olan əməkdaşlığın qarşılığında gəlmişik. Buna baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxacağıq. Berti Foqts kimi baş məşqçisi olan komandaya qarşı oynamaq bizim üçün şərəfdir.

- Sparrinq-rəqib kimi niyə məhz Azərbaycan yığmasını seçmisiniz?
- Azərbaycan yığma komandası bizim üçün güclü rəqibdir. Həm də yığmanızın oyun üslubu ilə Özbəkistan komandasının oyun dəsti-xətti yaxındır. Özbəkistan komandası ilə Küveyt eyni qrupda yer alıb.

- Azərbaycan yığması haqqında hansı məlumata sahibsiniz?
- Ötən il yığmanızla oynamışıq. Komandanız haqqında lazım olan məlumatı toplamışıq. Futbolçularınız müdafiədə və yarımmüdafiədə güclü təsir bağışlayır.

- Müsəlman ölkəsi kimi, digər görüşlərdə millimizi dəstəkləyirsinizmi?
- Ümumiyyətlə, müsəlman dünyasının bütün yığma komandalarını, xüsusilə də Azərbaycan yığmasını dəstəkləyirik. Hər iki xalq arasında tək dostluq deyil, həm də qardaşlıq əlaqəsi var.