Reynaldo Rueda Ekvador yığmasını çalışdıracaq
11.08.2010 - 12:00
Reynaldo Rueda Ekvador yığmasını çalışdıracaq
Ekvador milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, cənubi amerikalılar bu posta kolumbiyalı Reynaldo Ruedanı gətiriblər. Yerli mütəxəssis Siksto Visueteni əvəzləyən 53 yaşlı mütəxəssis CAR-da keçirilən dünya çempionatında Honduras yığmasına rəhbərlik edirdi.

Honduras yığması məhz Ruedanın rəhbərliyi altında Azərbaycan milli komandası ilə yoxlama oyunu keçirmişdi. Mundiala hazırlaşan honduraslılarla iyunun 2-də Avstriyada baş tutan qarşılaşmada qol vurulmamışdı. Bundan başqa Rueda “Xəzər Lənkəran”ın üzvü Allan Lalinə də yaxşı tanışdır. Hücumçu çalışdırıcıdan dəvət gözləsə də, Rueda onu mundiala aparmamağa qərar vermişdi.

Qeyd edək ki, ekvadorlularla Rueda ilə 2014-cü ilin yayına kimi, yəni dünya çempionatının final mərhələsinin başa çatmasına qədər müqavilə bağlayıblar.