Yordaşe: Onu bilirəm ki, çempionatınızın səviyyəsi yüksək deyil
11.08.2010 - 12:11
Yordaşe: Onu bilirəm ki, çempionatınızın səviyyəsi yüksək deyil
“Xəzər Lənkəran” klubunun yeni transferi, rumıniyalı futbolçu Adrian Yordaşenin apasport.az saytına müsahibəsi

- Azərbaycan futbolu haqqında hansı məlumatları bilirsiniz?
- Elə də böyük məlumatım yoxdur. 5-6 komandanızı tanıyıram. Onlardan “İnter”in adını qeyd edə bilərəm. Bu komanda Çempionlar Liqasında çıxış edib. Avropa Liqasında oynayanlar da var. Onlardan biri daha yaxşı çıxış edir (“Qarabağ”ı nəzərdə tutur - red). Çempionatın səviyyəsinin çox da yüksək olmadığını bilirəm. Amma yaxşı futbolçularınız var. Müşahidələrimə görə, futbolunuzda son zamanlar inkişaf gedir və oyunların səviyyəsi getdikcə artır. Komandalarınız avrokuboklarda uğurlu çıxış edirlər.

- Hansı klublarda çıxış etmisiniz?
- Buxarestin “Dinamo” və “Rapid” klublarında. Sonuncu komandam “Rapid” olub. “Otselul”, “Arçeş”lə yanaşı, Rusiyanın “Şinnik”, Kiprin “Alki”, və AEL klublarının da formasını geyinmişəm.

- “Xəzər-Lənkəran”ın baş məşqçisi Mirça Redniklə yollarınız nə vaxtsa kəsişib?
- Onu hələ “Rapid”də çalışan vaxtlardan tanıyıram. “Xəzər-Lənkəran”ın Azərbaycanın ən yaxşı klublarından olduğunu bilirəm.

- Lənkəranda olmusunuz?
- Xeyr, Azərbaycana yenicə gəlmişəm. Buna görə də hələ Lənkərana səfər etməmişəm.

- Müqavilə imzalamısınız?
- Hələ yox, bu günə nəzərdə tutulub. 2 il müddətini əhatə edəcək.

- Ölkəmizdə rumıniyalı futbolçular çıxış edib. Onları tanıyırsınız?
- Əlbəttə, tanıdıqlarım var. Bura gəlməmişdən əvvəl Adrean Neaqa və marian Aliuta ilə söhbət etdim. Hətta onlardan klubdan getmələrinin səbəbini də xəbər aldım. Məlum oldu ki, “Neftçi” uğursuz çıxış edib, avrokuboklara vəsiqə qazana bilməyib. Buna görə də, komandadan ayrılmaq məcburiyyətində qalıblar.