Kapello Azərbaycan yığmasından nümunə götürdü
11.08.2010 - 12:43
 Kapello Azərbaycan yığmasından nümunə götürdü
İngiltərə milli komandasının baş məşqçisi Fabio Kapello qeyri-adi addım atmaqla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, bu gün Macarıstan yığması ilə qarşılaşacaq ingilislərin heyətinə Premyer Liqada debüt etməyən iki futbolçu cəlb olunub. Bunlar “Uotford”un üzvü Skott Loah və “Blekbern”in üçüncü qapıçısı Frenk Fildinqdir.

Kapellonun bu addımı atmağına Pol Robinsonun karyerasını bitirməsi və Ben Fosterin zədələnməsi səbəb olub. Onların yoxluğunda Co Harta güvənəcək italiyalı mütəxəssis mundialda iştirak edənlər – Robrt Qrin və Devid Ceymsə ehtiyac duymayıb. Onların əvəzinə isə debütantlar çağırılıb.

22 yaşlı Fildinq indiyədək heç vaxt “Blekbern”in əsas komandasında meydana çıxmayıb. O, ən yaxşı halda icarədə olduğu aşağı dəstə klublarının formasını geyinib. Daha təcrübəli sayılan Skott isə İngiltərənin U-21-nin üzvüdür. O, yalnız indi-indi Premyer Liqa klublarının maraq dairəsinə düşməyə başlayıb.

Qeyd edək ki, Kapelloya qədər Azərbaycan yığmasına da çempionatda debüt etməyən futbolçu çağırılıb. Berti Foqts Amit Quluzadəni hələ Premyer Liqada meydana çıxmamış yığmaya dəvət etmişdi.