“Qəbələ” yarımmüdafiə xəttini gücləndirir
11.08.2010 - 15:27
“Qəbələ” yarımmüdafiə xəttini gücləndirir
“Xəzər-Lənkəran”la oyunu izlədim. Hücum və yarımmüdafiədə yüngül problemin olduğunu deyə bilərəm. Birinci oyun olduğunu nəzərə alsaq, pis olmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

Yeni mövsümə məğlubiyyətlə başlayan əyalət təmsilçisi mövsümün açılış oyunlarında bu cür nəticələrin yaşanmasını normal qarşılayır. Klub rəsmisi xətlər arasında daha çox müdafiəçilərin oyunundan razı qalıb: “Qol buraxmağımıza baxmayaraq, müdafiə xəttinin daha yaxşı çıxış etdiyini söyləyə bilərəm”.

Nəcəfov orta xətti bir qədər də gücləndirmək məqsədi ilə daha bir futbolçunun transferinin mümkünlüyündən danışıb. Həmin oyunçu da legioner olacaq: “Ola bilsin, yarımmüdafiə xəttini gücləndirmək üçün 1 futbolçu alaq. Menecerlər və məşqçilər bu istiqamətdə çalışırlar. Əslində, yerli oyunçu bizə hava-su kimi lazımdır. Ancaq belə futbolçunu tapmaq çox çətindir”.

Vitse-prezident həftəsonu “Neftçi” ilə keçirəcəkləri oyuna da toxunub. O, komandasından ancaq qələbə gözlədiyini vurğulayıb: “Neftçi” ilə oyunda mütləq qələbə qazanmalıyıq. Bu cari mövsümdə ilk ev oyunumuz olacaq. Ola bilsin, azarkeşlərlə bağlı hansısa bir tədbir təşkil edək”.