Daha bir belçikalı Bakıya gəlir: Bu dəfə “Qarabağ” üçün
11.08.2010 - 17:07
Daha bir belçikalı Bakıya gəlir: Bu dəfə “Qarabağ” üçün
“Qarabağ”ın Avropa Liqasının IV təsnifat mərhələsindəki cavab oyununun hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələrinin Almaniyanın “Borussiya” klubu ilə qarşılaşmasını belçikalı ədalət təmsilçiləri idarə edəcək. Görüşün baş hakimi bizə tanış olan Serj Qumiennidir.

Səkkiz ildir FİFA referisi olan belçikalı son il yarımda artıq 3-cü dəfə komandamızın oyununa təyinat alıb. Ötən il martın 28-də Moskvada keçirilən Rusiya - Azərbaycan matçında fit çalan Qumienni yığmamızın 0:2 hesablı məğlubiyyətinə şahid olmuşdu.

Ötən il iyulun 21-də isə belçikalı şəhərimizin qonağı idi. Qumienni “Bakı”nın Litva təmsilçisi “Ekranas”ı Çempionlar Liqasından kənarlaşdırdığı oyunda (4:2) söz sahibi olmuşdu. Bu dəfə o, avqustun 26-da baş tutacaq ”Qarabağ” – “Borussiya” matçının hakimi kimi Tofiq Bəhramov adına Respublika stadionuna çıxacaq.

Qeyd edək ki, Avropa Liqasının IV təsnifat mərhələsinin ilk oyunu avqustun 19-da keçiriləcək.