Qurban Qurbanovun “uğur formulu”
11.08.2010 - 23:13
Qurban Qurbanovun “uğur formulu”
“Qarabağ” avrokubokda ilk mərhələ adlayan təmsilçimiz kimi tarixə düşsə də, sonradan bu uğurun ardı gəlmədi. Ta ki, Qurban Qurbanov komandanın "sükanı arxasına" keçənədək.

Baş məşqçi kimi ilk iş yeri olan "Neftçi"dən istefaya göndərilən gənc çalışdırcı iki il öncə Ağdam təmsilçisi ilə anlaşan zaman çətin ki, kimsə onun "Qarabağ"ı bu yerlərə gətirəcəyinə inanardı.

Bəli, işğal altında olan bir rayonu təmsil edən klubun uğurlarının memarı məhz Qurbanovdu. Doğrudu, komandanın azarkeşlərimizə adət etmədikləri sevinci, qüruru yaşatmasında rəhbərlikdən tutmuş, texniki işçilərədək hər kəsin böyük əməyi var. Lakin bir faktı danmaq olmaz: "Qarabağ" Qurbanovun "uğur formulu" sayəsində avrokubokda qan-qan deyir, daxili yarışlarda inamlı təsir bağışlayır.

Maraqlıdı, görəsən, Qurbanovun "uğur formulu"nun sirri nədədi? "Qarabağ" hansı amillərin sayəsində rəqiblərinə meydan oxuyur? Ağdamlıların təmsilçilərimizə xas olmayan tərzdə çıxışı nə ilə bağlıdı? Gəlin, bu və digər suallara birlikdə cavab tapaq.

Alın təri, bacarıq və bir qədər də bəxt

Kim nə deyirsə desin, insanın istənilən sahədə uğura nail olmasında bəxt amilinin də rolu olur. Və ya belə deyək, əziyyət çəkən, dürüst yolda olanlara Allah da hər zaman yardım əlini uzadır, önünə çıxan, ilk baxışdan keçilməz olan maneələri dəf etməkdə yardımçı olur. Bəxt amilindən təsadüfən söz açmadım. "Qarabağ"ın son iki il ərzindəki çıxışına nəzər salsaz, Qurbanovun hansı anlarda bəxtinin gətirdiyini görəcəksiz. Lakin əlbəttə ki, uğurun əsas təminatçısı əziyyətə qatlanmaq, alın təridi. Qurbanov da öz zəhmətinin və azacıq bəxtin köməyi ilə bu yerlərə gəlib çıxıb.

Tale lap başdan Qurbanovun "üzünə güldü". Qismət elə gətirdi ki, onun yerinə "Neftçi"nin baş məşqçi postuna Hans-Yürgen Gede kimi ağıldanqıvraq birisini gətirdilər və almaniyalının "Neftçi"nin aparıcı üzvlərinə qapını göstərməsi Qurban bəyin işinə artıqlaması ilə yaradı. Elə bir dövrdə Rəşad Sadıqov, Rəşad Sadiqov, Elnur Allahverdiyev kimi futbolçuları haradan tapmaq olardı? Bunu yalnız Gede edə bilərdi, hansı ki Allah onu Qurbanov üçün yetirmişdi. Çünki Berti Foqtsun sabiq köməkçisindən bu ölkədə bircə o, xeyir gördü, vəssalam.

Yeri gəlmişkən, o vaxt Gedeyə lazım olmayan futbolçulardan Elnur Allahverdiyev hazırda "Qarabağ"ın şərəfini qorumasa da, indi həmin "qara siyahı"ya düşənlərdən Georgi Adamiya Qurbanovun sərəncamındadı.

Elvin Məmmədovla Emin İmaməliyevin də "Qarabağ"a keçidi asanlıqla baş tutdu. Əcnəbi oyunçuların at oynatdığı "İnter"də əsas heyətə düşə bilməyən cütlük oynamaq arzusu ilə Ağdam klubuna üz tutdular. Eyni sözləri sınıq-salxaq "Karvan"dan ayrılan Vüqar Nadirova da şamil etmək olar. Gənc çalışdırıcı onun potensialına bələd olduğu üçün heyətə götürdü. Bu il isə Andrey Rubinlə Samir Abbasov Elvinlə Eminin yolunu getdilər. Hər ikisi "İnter"i "Qarabağ"a dəyişdi.

O, tanıdığı oyunçulara bel bağlayır

Qurbanov istər yerli olsun, istərsə də əcnəbi, yaxından tanıdığı oyunçulara bel bağlayan çalışdırıcıdı. Özü də burada söhbət təkcə futbolçu yox, insani keyfiyyətlərdən gedir. Hansı ki, ikinci amil olmadan komanda ruhu formalaşdırmaq mümkünsüzdü. "Qarabağ"dakı əla atmosfer məhz bu amillə bağlıdı. Yerli futbolçuların potensialına əla bələd olan gənc çalışdırıcı futbolçu olduğu zaman çiyin-çiyinə oynadığı oyunçuları komandasına gətirdi.
Ötən il Avroliqada IV təsnifat mərhələsindək irəliləyən "Qarabağ"ın heyətində bir əcnəbi vardı - Admir Teli. İndi onların sayı 4-ə çatıb. Qurban bəy Georgi Adamiya ilə birvaxtlar "Neftçi"də bir yerdə oynayıb, Andrey Rubinin isə təqdimata ehtiyacı yoxdu. Latviya yığmasının üzvü özünü "İnter"in heyətində ölkəmizdə də sübut etməyi bacarıb. Qaldı ki, Ansi Aqoliyə, böyük ehtimalla Albaniya yığmasının üzvü həmyerlisi Telinin məsləhəti ilə transfer olunub. Qısası, Qurbanov menecer "tərifnaməsi", videogörüntü-filanla oyunçu transfer edəcək birisi deyil.

İnam və etimaddan doğan məsuliyyət

Dünənə kimi geniş kütlə nə Əfran İsmayılovu, nə də Rauf Əliyevi tanıyırdı. Heç Maksim Medvedev də bu qədər parlamamışdı. Amma indi onlar yığmanın aparıcı üzvləridi.
Avrokubok öncəsi Qurbanov belə bir açıqlama vermişdi: "Əcnəbi hücumçu transfer etsəydik, Rauf Əliyevin yolunu bağlamış olardıq". Bu sözdən sonra istər Rauf olsun, istərsə də qeyrisi, meydanda canını qoymalıdı, taqətdən düşəndək mübarizə aparmalıdı.

Xoşbəxtçilikdən yerli futbolçular Qurbanovun onların xeyri üçün etdiyi bu fədakarlığın dəyərini bilirlər və onun xəcalətindən çıxmaq istəyirlər.

Hər şey çox sadədi: Qurbanov bax, bu cür davranışları ilə Əfran, Rauf kimi sıradan oyunçuları mübariz döyüşçüyə çevirir. İndi Qurbanovun dəstəyi, oyunçu yetişdirmək bacarığı sayəsində bu futbolçuları hamı tanıyır. Futbolçular isə öz növbəsində müəllimlərinin etimadını doğrultmalı və onun borcundan çıxmalı olduqlarını çox yaxşı anlayırlar.

"Qarabağ"da intizamsızlara yer yoxdu

Uğurun ən böyük təminatçısı komanda ruhu, birlik-bərabərlikdi. Bu isə tək məşqçidən deyil, futbolçulardan da asılı olan bir məfhumdu. Hə qədər sərt nizam-intizam qaydası tətbiq edirsən et, ipə-sapa yatmayan, söz dinləməyən futbolçu atmosferi korlayacaq. Və ya əksinə, məsələn, Aslan Kərimov kimi nümunəvi futbolçular meydandan çox, ondan kənarda faydalıdı. Qurbanov məhz təcrübəsinə, liderlik qabiliyyətinə, insani keyfiyyətlərinə görə Aslanı komandasında saxlayır, oynamaq imkanı yaradır. Çünki bilir ki, bu cür oyunçuların dəyəri nə iləsə ölçülmür.

Qurbanovun ehtiyac duymadığı oyunçulara diqqət yetirin: Murad Ağakişiyev, Zaur Ramazanov, Elnur Allahverdiyev... Qurban bəy nə intizamsız oyunçuları sevir, nə də onların nazı ilə oynamağı.

Son 4 oyunda "sarı" belə almayıblar

İntizamdan söz düşmüşkən, "Qarabağ"ın cari mövsüm Avroliqadakı çıxışın araşdıran zaman diqqətimi bir məqam cəlb etdi: Qurbanovun yetirmələri son 4 oyunda sarı vərəqə belə (!) görməyiblər və rəqiblərindən daha az qayda pozuntusuna yol veriblər. Ağdamlılar yalnız Makedoniya "Metallurq"u ilə hər iki oyunda hakimlərin sərt üzünü görüblər, vəssalam.

"Qarabağ" futbolçularının sarı vərəqə almamaları və rəqibləri ilə müqayisədə daha az qayda pozuntusuna yol vermələri sadə məsələ deyil. Bu, birbaşa Qurbanovun futbolçuarı hərtərəfli şəkildə oyuna hazırlaması ilə bağlı olan amildi. Yersiz qayda pozuntularının, hakimlərlə məntiqsiz mübahislərin qarşılığında futbolçularımızın sarı və ya qırmızı vərəqə alması hər zaman yaralı yerimiz olub. Lakin bu gün yerli oyunçulardan təşkil olunan "Qarabağ"ın göstəriciləri fərqlidi, özümüzə bənzəmirik. Bunun səbəbkarı isə Qurbanovdu. Bax, bu amil də onun "uğur formulu"na daxildi.

Qurbanov kölgədə qalmağı xoşlamır

Yəqin ki, Mehmet Akı xatırlayırsız. Qurbanov "Qarabağ"ın "sükanı arxasına" keçdiyi mövsümdə onunla birgə işlədi. Türkiyəli mütəxəssis komandanın fiziki hazırlığına cavabdeh və Qurban bəyin köməkçilərindən biri idi. Lakin Mehmet bəy xarakter etibari ilə fəal insan idi və loru dildə desək, özünə aid olmayan işlərə də burnunu soxurdu. "Qarabağ"ın həmin dönəmdə çıxışını yaxından izləyənlər yaxşı bilirlər ki, Ak oyunun gedişində yerində dinc oturmurdu və Qurbanov bir qıraqda qalırdı, o, oyunçulara göstəriş verirdi. Əlbəttə, bu durum heç kimin, o cümlədən də Qurbanovun xoşuna gələ bilməzdi, gəlmədi də. Sözsüz ki, məşqçilər korpusunda yer alan hər bir şəxs oyunun gedişində futbolçuya nəsə deyə, məsləhət verə bilər. Amma hər şeyin həddi-hüdudu var. Elə ona görə də Qurbanov həddini aşan Akı "Bakı"dakı işindən tanıdığı bolqar Radomir Çakarovla əvəzlədi. Çünki kölgədə qalmaq istəmir. İndi qaçış cığırında biz yalnız Qurban bəyi görürük.

Etibarsız "Borussiya"nı devirmək olar

Qurbanovun "uğur formulu" yuxarıda sadaladığım məqamlarla məhdudlaşmır. Ağıl-ağıldan üstündü. Gözdən qaçırdığım və ya bilmədiyim amillər də var. Lakin bacardığım qədər "Qarabağ"ın uğurlu çıxışının səbəblərini saf-çürük etməyə çalışdım. Hər şey bununla bitmir. Hələ qarşıda "Borussiya" səddi var. Ağdam təmsilçisi ötən il olduğu kimi Avroliqanın qrup mərhələsinin bir addımlığındadı. Amma indi rəqib Eredivizya yox, Bundesliqa təmsilçisidi. Lakin bu amil sizi qorxutmasın. Düzdü, "Qarabağ" rəqibindən zəifdi, Əfran İsmayılovu itirib, səfərdə 80 min azarkeş önündə oynamaq etimalı var və s. Amma xüsusən də futbol-proqnozla az-çox məşğul olanlar yaxşı bilirlər ki, "Borussiya" güvəniləsi, etibar ediləsi, nəticə umulası bir komanda deyil, ayağı sürüşkəndi. Dortmundlulara qarşı oynamaq olar, özü də necə lazımdı...
ŞAMO, “Ekspressfutbol” qəzeti