Qoran Tufeqciç: Azərbaycan yığması pis təsir bağışlamadı
11.08.2010 - 23:29
Qoran Tufeqciç: Azərbaycan yığması pis təsir bağışlamadı
“Oyundan razı qaldım. Küveyt yığması 5 aydır oyun keçirmirdi. Havanın isti olmasını və bəzi səbəbləri nəzərə alsaq, komandamız yaxşı oynadı”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycanla yoldaşlıq görüşündən sonra Küveyt yığmasının baş məşqçisi Qoran Tufeqciç deyib.

Oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran serbiyalı mütəxəssis ötən ilin fevralında bu komandalar arasında Küveytdə baş tutan oyun haqqında geniş danışmaq istəməsə də, yığmamızın xoş təsir bağışladığını vurğulayıb: “İlyarım əvvəl keçirilən oyun haqqında geniş danışmaq istəmirəm. Azərbaycan yığmasında irəliləyişin olduğunu qeyd edə bilərəm. Komandanızın güclü baş məşqçisi var”.

Daha sonra serbyalı baş məşqçi birinci hissədə yığmamızın sol cinahında boşluqların olduğunu hiss etdiyini, amma ikinci hissədə Foqtsun bunun qarşısını aldığını bildirib: “Birinci hissədə Azərbaycan yığmasının sol cinahında müəyyən problemlərin olduğunu hiss etdim. Lakin Foqts fasilədə əvəzetməklə, bu problemi yoluna qoydu. Yəni, milliniz pis təsir bağışlamadı”.