“Kamran Ağayevin vəziyyəti ilə bağlı narahatçılığa əsas yoxdur”
30.08.2010 - 11:46
“Kamran Ağayevin vəziyyəti ilə bağlı narahatçılığa əsas yoxdur”
“Kamran Ağayevin vəziyyəti ilə bağlı narahatçılığa heç bir əsas yoxdur. O, Almaniya yığması ilə səfərdəki rəsmi oyunda milli komandamıza kömək edə bilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun təcrübəli həkimi Boris Xetaqurov deyib. Yığmamızın əsas qapıçısı olan Kamran Ağayevin kapitanı olduğu Lənkəran təmsilçisində uzun müddətdir çalışan Xetaqurov vəziyyətə aydınlıq gətirdi.

Məsələ ondadır ki, Kamran Unibank Premyer Liqasının son turunda AZAL ilə səfər oyunun 40-cı dəqiqəsində latviyalı həmkarı Denis Romanovla əvəzlənməli oldu. Xetaqurovun sözlərinə görə, Ağayevin ayağında ağrılar olsa da, ciddi zədə problemi yoxdur: “Əslində Kamranın meydanı tərk etməsi zədə alması ilə bağlı deyildi. Bildiyiniz kimi, o, ötən il cərrahiyyə əməliyyatı olunmuşdu. Ağayevin hələ AZAL-la görüşdən öncə əməliyyat olunduğu ayağında ağrılardan şikayətlənirdi. “Şəfa” stadionunun ot örtüyü isə sünidir və sərt qazondakı oyundan sonra ağrıları artmışdı. Kamran isə komandamızla yanaşı, yığmamızın əsas qapıçıdır və bizi qarşıda Almaniya ilə səfərdə çətin oyun gözləyir. Biz hər şeydən öncə bunu nəzərə alaraq, riskə getmək istəmədik və Ağayevi əvəzlədik. Sağlıq durumu qaydasında olan Kamran yığma ilə birgə bu gün səhər səfərə çıxdı. O, Almaniya ilə görüşdə iştirak edə biləcək”.

Mehman SÜLEYMANOV