“Əgər qrup mərhələsinə düşsəydik, Sadıqov xaricə getməyəcəkdi”
30.08.2010 - 14:57
“Əgər qrup mərhələsinə düşsəydik, Sadıqov xaricə getməyəcəkdi”
“Rəşad Sadıqov komandamıza gələn zaman rəhbərliklə belə razılığı var idi ki, xaricdən təklif olarsa, gedişinə əngəl törədilməyəcək. Bu mənada onun “Əskişəhərspor”a keçidinə problem yaradılmadı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Ötən yay “Qarabağ”a Türkiyədən gələn Rəşad Sadıqov əks marşrutla hərəkət etdi. Belə ki, Superliqa təmsilçisi “Əskişəhərspor” yığmamızın kapitanı ilə iki illik müqavilə imzaladı: “Bu, ilk növbədə futbolumuzun inkişafı üçün önəmlidir. Rəşadla gələn gündən razılıq əldə olunmuşdu ki, xaricə getmək variantı ortaya çıxarsa, maneçilik törədilməyəcək. Rəhbərlik hər bir futbolçu ilə bağlı belə mövqeyə malikdir. Rəşada Avroliqa oyunları zamanı dəfələrlə təkliflər olsa da, buna “yox” deyirdi. Hətta Avroliqanın qrup mərhələsinə düşsəydik, Sadıqov xaricə getməyəcəkdi. Ancaq elə oldu ki, Dortmund “Borussiya”sını keçə bilməyib, avrokuboklarda mübarizəni dayandırdıq. Bu zaman “Əskişəhərspor” variantı ortaya çıxdı. Bu, ən real variant idi və Rəşad onu dəyərləndirdi”.

Qurbanov vaxtilə bir yerdə oynadığı Rəşadın yeni klubunda uğurlu çıxışına inanır: “Onun “Əskişəhərspor”da çıxışı perspektivinə yaxşı baxıram. Çünki Rəşad Türkiyə Superliqasında oyun təcrübəsinə malikdir, “Kayserispor” və “Kocaelispor” klublarında oynayıb. Sadıqov türk futboluna yaxşı bələddir ki, bu da ona kömək olacaq. Elə yaxşı oldu ki, Rəşad məhz Türkiyə variantını dəyərləndirdi. Qardaş ölkənin azarkeşləri də onu yaxşı tanıyır, simpatiyaları var. Bütün bunları nəzərə alaraq, Rəşadın Türkiyədə daha yaxşı çıxış edəcəyinə inanıram. Bununla, həm “Əskişəhərspor”, həm də Azərbaycan futbolu üçün faydalı olacaq”.

Mehman SÜLEYMANOV