“Turan” 7 futbolçu ilə müqavilə imzaladı
30.08.2010 - 16:04
“Turan” 7 futbolçu ilə müqavilə imzaladı
Unibank Premyer Liqasının arxada qalan 4 oyununda aktivinə 2 xal yazdıran “Turan” “transfer pəncərəsi” bağlanana qədər zəif mövqelərini gücləndirməyə çalışır. Apasport.az saytının xəbərinə görə, Tovuz təmsilçisi Gürcüstanın U-21 yığmasının formasını geyinən Georgi Çediya ilə 1 il müddətini əhatə edən müqaviləyə imza atıb.

Onun adı sifariş vərəqəsinə daxil ediləcək. Gürcü hücumçudan başqa, “Turan” baxışa dəvət etdiyi daha 6 oyunçu ilə münasibətlərini rəsmiləşdirib. Belə ki, Rusiya vətəndaşı Temirlan Şavanov son mövsümü “Daqdizel“ klubunda keçirib. Ampluası hücumçudur.

Marat Dzaxmişev Nalçikdən gəlib. Hücumçu bir müddət “Spartak”ın formasını da geyinib. Onun həmşəhərlisi Timur Bitokov isə Maykov “Drujba”sında çıxış edib. Gürcüstanlı Torniki Çaduneli isə müdafiəçidir. İqor Bikanov ukraynalıdır. Yarımmüdafiəçi bir müddət Polşanın II divizionunda çıxış edən “Xlobri-Qloka” klubunda oynayıb. Belarusdan gəlmiş Andrey Kazarin müdafiəçidir, Jodino “Torpedo”sunda çıxış edib.