Qurban Qurbanov: Qısa müddətdə yaxşı müdafiəçi almaq asan məsələ deyil
30.08.2010 - 23:03
Qurban Qurbanov: Qısa müddətdə yaxşı müdafiəçi almaq asan məsələ deyil
“Qarabağ” cari mövsüm üçün transfer işlərini yekunlaşdırmayıb. Komandanın baş məşqçisi Qurban Qurbanov apasport.az saytına açıqlamasında yeni futbolçu axtarışında olduqlarını bildirib.

Rəşad Sadıqovun Türkiyənin “Əskişəhərspor” klubuna keçidindən sonra futbolumuz, yığmamız üçün nə qədər yaxşı hal olsa da, “Qarabağ” üçün itkidir. Hər halda, aparıcı futbolçusundan məhrum qalan ağdamlıların müdafiə xətti zəifləyir. Ancaq Qurbanovun sözlərinə görə, məhz müdafiənin mərkəzi üçün yox, daha çox orta sahəyə futbolçu axtarırlar: “Müdafiə xətti elədir ki, biri gedəndə gərək ora yaxşı tanıdığını gətirəsən. Bu isə qısa müddətdə asan məsələ deyil. Artıq sabah “transfer pəncərəsi” bağlanır. Ancaq başqa variantlar var ki, bunu dəyərləndirməyə çalışırıq. Bizdə Rəşadın yer aldığı müdafiənin mərkəzində oynaya bilən futbolçular var. Bunlar Zaur Həşimov, Samir Abasov, Aftandil Hacıyevdir. Samir hazırda oynadığı dayaq yarımmüdafiəçisi mövqeyindən müdafiənin mərkəzinə keçərsə, orta sahədə boşluq yaranacaq. Buna görə də məhz yarımmüdafiəyə bir-iki futbolçu transfer etmək fikrindəyik. Az da olsa, vaxtımız və namizədlər var. Hələ danışıqlar yekunlaşmadığı üçün ad çəkmək istəməzdim”.

Qurbanov təkcə yerli futbolçularla kifayətlənmək fikrində deyil: “Bunlar həm özümüzünkülər, həm də legionerlərdir. Həmin legionerlər Azərbaycanda oynamışlardır. Səs-küylü transferlər olmasa da, hər halda, bizə faydalı futbolçuları heyətimizə cəlb edəcəyik. Çalışırıq ki, qışa, növbəti transfer vaxtına kimi futbolçularımız sayını artıraq və oyunçu sarıdan korluq çəkməyək”.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın transferə çıxardığı türkiyəli yarımmüdafiəçi Devranı Ayhanı alan “Qarabağ” dünəndən məşqlərə başlayıb.

Mehman SÜLEYMANOV