Bu il yanvarın 11-də “Tvente” ilə müqavilə bağlayan Cavadov bu komandada cəmi 231 gün duruş gətirdi. Hərçənd, tərəflər arasında müqavilə 3 il yarımlıq nəzərdə tutulmuşdu. Anlaşmanın cüzi bir hissəsini Hollandiyada keçirən Vaqif uğursuzluğa düçar oldu.
Onun transferində rolu olan baş məşqçi Stiv Maklaren bir neçə məşqdən sonra həmyerlimizin yerinin əvəzedici komanda olduğunu dərk etdi. Bununla eyni vaxtda hücumçu zədə də aldı.
İkinci komandadakı 2009/10 mövsümündə 3 görüşə çıxan hücumçu 1 dəfə yoldaşlıq, 2 dəfə çempionat matçında Rene Akenin etimadını qazandı. Hər 3 halda start heyətində meydana çıxan futbolçumuz vur-tut 168 dəqiqə oynadı.
Mişel Pryudomun gəlişindən sonra isə Vaqif üçün əsas komandaya düşməyə real şans yarandı. Belçikalı mütəxəssis əvvəl həvəskarlardan ibarət rəqiblərə qarşı 2 qarşılaşmada həmyerlimizə şans verdi. Sonradan daha 5 dəfə özünü göstərmək imkanı qazanan Cavadov heç nə ilə fərqlənmədi. Əsas heyətdə rəsmi matçlarda oynamayan hücumçunun yoldaşlıq görüşlərindəki göstəriciləri belədir: 7 oyun, 343 dəqiqə, 5 qol və vurulmayan penalti.
Ümumilikdə isə əvəzedici komandada və əsas heyətin yoxlama matçlarında Vaqif 10 dəfə meydana çıxdı. O, 231 günə 511 dəqiqə futbol oynayıb, 5 qol vurdu. Bu isə gündə 132,8 saniyə futbol oynamaq deməkdir.
N | Tarix | komanda | Rəqib | hesab | Oyunun statusu | Dəqiqə |
1 | 03.02.2010 | əvəzedici | “Bohum”, Almaniya | 1:4 | yoldaşlıq | 45, start heyətində |
2 | 19.04.2010 | əvəzedici | “Sparta” | 1:2 | çempionat | 45, start heyətində |
3 | 26.04.2010 | əvəzedici | “Vitess” | 0:2 | çempionat | 78, start heyətində |
4 | 18.06.2010 | əsas | “Hengelos” | 17:0 | Yoldaşlıq | 65, start heyətində (2 qol) |
5 | 30.06.2010 | əsas | “Enshede” | 5:1 | yoldaşlıq | 31, sonradan daxil olub |
6 | 01.07.2010 | əsas | “De Zeuv” | 11:2 | Yoldaşlıq | 75, start heyətində (2 qol) |
7 | 13.07.2010 | əsas | “Emmen” | 2:1 | Yoldaşlıq | 61, start heyətində |
8 | 17.07.2010 | əsas | “Osnabryuk” (Almaniya) | 1:0 | Yoldaşlıq | 14, sonradan daxil olub |
9 | 23.07.2010 | əsas | “Deportivo” (İspaniya) | 1:1, pen 5:4 | Uhrin kuboku | 90, start heyətində, oyunsonrası penaltini də vura bilməyib |
10 | 27.07.2010 | əsas | “Xetafe” (İspaniya) | 1:2 | Yoldaşlıq | 7, sonradan daxil olub |