Mahir Şükürov 3 ən yaxşı futbolçudan biri oldu
31.08.2010 - 08:47
Mahir Şükürov 3 ən yaxşı futbolçudan biri oldu
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun Rusiya Premyer Liqasında çıxışı yüksək qiymətləndirilir. Apasport.az saytının məlumatına görə, “Anji”də oynayan 28 yaşlı yarımmüdafiəçi son turda evdə “Sibir” üzərində 1:0 hesabı ilə qələbə qazandıqları oyunun ən yaxşılarından sayılıb.

Təsadüfi deyil ki, Rusiyanın nüfuzlu “Sport-Ekspress” qəzetində çalışan həmkarlarımız 90 dəqiqə ərzində Mahirə çıxışına görə 6 bal verib. Ən əsası, bu, meydanda olanlara verilən ən yüksək qiymət olub və ona Şükürov da daxil olmaqla “Anji”nin üç futbolçusu layiq görülüb. Bunlar Gürcüstan yığmasının da üzvü olan qapıçı Nukri Revişvili və 51-ci dəqiqədə qələbə topunun müəllifi olan yarımmüdafiəçi David Sorayev olub.

Yarımmüdafiənin sağ cinahında yer alan Mahir təhlükəli hücumların qurulmasında fəal iştirak edib. Belə ki, 17-ci dəqiqədə Ruslan Ağalarov, 40-cı dəqiqədə Rasim Tahirbəyov Şükürovun ötürməsindən sonra qol vurmaq üçün real imkanı qazanıblar.

Qeyd edək ki, Mahir oyundan sonra, bu gün Almaniyaya milli komandamızın düşərgəsinə yollanıb.