Fərid Quliyev: Gərək daim oynayım ki, formamı qoruyum - MÜSAHİBƏ
01.09.2010 - 23:13
Fərid Quliyev: Gərək daim oynayım ki, formamı qoruyum - MÜSAHİBƏ
Mövsümlərarası fasilədə “Standard”dan “Neftçi”yə transfer olunan Fərid Quliyev hələ də yeni komandasında özünü göstərə bilmir. Ötən çempionatın ən məhsuldar futbolçusu olan Quliyev paytaxt təmsilçisinin əsas heyətinə düşməkdə çətinlik çəkir. Bu azmış kimi, hücumçu hələ qol hesabını da aça bilməyib. Futbolçu bunu baş məşqçinin ona şans verməməsi ilə izah edib. Müsahibə zamanı forvardla yığma barədə də danışdıq.

- “İnter”lə oyun barədə nə deyə bilərsən?
- Görüşün ağır keçəcəyini bilirdik. Çünki “Neftçi” 3 ildir ki, səfərdə “İnter”i məğlub edə bilmirdi. Səfərdə “İnter”i 2:0 hesabı ilə məğlub etməyimiz sürpriz oldu. “Neftçi” bu oyunu ilə çempionluq uğrunda mübarizədə əsas komanda olaraq qalır.

- “Neftçi” meydana məğlub olmamaq istəyi ilə çıxmışdı. Demək olar, bütün komponentlərdə rəqibi üstələdiniz. “İnter”in bu qədər zəif təsir bağışlayacağını gözləyirdinmi?
- Bilirdik ki, bu oyunda qazanılacaq qələbə komandada özünəinamı bir qədər də artıracaqdı. Son çempionu 2:0 hesabı ilə məğlub etmək çox mətləblərdən xəbər verir.

- Flaqman arxada qalan 4 turda 10 xal toplayıb. Bunu qənaətbəxş hesab etmək olarmı?
- Komandamız arxada qalan 4 oyunda rəqib qapılarından 9 top keçirib, öz qapısından isə cəmi 1 qol buraxıb. Ən məhsuldar komandayıq və 4 oyun üçün bu nəticəni uğurlu saymaq olar. Cəmi 1 oyunda xal itirmişik. Bu da “Qarabağ”la qarşılaşmaya təsadüf edib. Qalan 3 matçın hər birini 3 xalla qapamışıq.

- Ötən mövsümün bombardiri olsan da, cari çempionatda hələ rəqib qapısına yol tapa bilməmisən. Bunun səbəbi nədir?
- Hələ şansımı gözləyirəm. İndiyə qədər heç bir oyunda 90 dəqiqə oynamamışam. Baş məşqçi nə vaxt şans versə, mən də öz sözümü deyəcəyəm.

- Baş məşqçi niyə şans vermir?
- Bu suala baş məşqçi özü daha yaxşı cavab verə bilər.

- Bəlkə rəqabətdə komanda yoldaşlarına uduzursan?
- Hələ rəqabət başlamayıb ki, deyim hazıram, ya yox. 90 dəqiqə oynayım, qol vurmasam, deməli, rəqabətə hazır deyiləm.

- Yeri gəlmişkən, “Simurq”la oyunun ilk hissəsində baş məşqçi Arif Əsədov səni əvəzlədi. Səbəbini isə oyunundan narazı qalması ilə izah etdi. Qarşılaşmadan sonra baş məşqçi sənə hansı iradları bildirdi?
- Baş məşqçi ilə bu haqda danışmamışam. Çünki oyundan sonra yığmanın təlim-məşq toplanışına qatıldım. Kluba döndükdən sonra isə qarşıdakı tura hazırlaşdıq. Yəni söhbət eləməyə vaxt olmayıb.

- Yığmanın baş məşqçisi Berti Foqts da sənin bir qədər zəif təsir bağışladığını bildirib. Geriləməyin nə ilə bağlıdır?
- Bu, oyun praktikası ilə bağlıdır. Aydın məsələdir, meydana çıxmadıqca, oyun təcrübəni itirirsən. Gərək daim oynayasan ki, formanı qoruya biləsən. Bu gün əsas problem oynamamağımla bağlıdır.

- Bu da faktdır ki, klubda əsas heyətə düşə bilməməyin yığmadakı yerini itirməyinlə nəticələnə bilər.
- Çempionat uzun marafondur. Qarşıdakı oyunlarda nələrin baş verəcəyini indidən demək olmaz. Yığmanın da hələ qrup mərhələsində kifayət qədər oyunları var. Ona görə də, nəyin necə olacağını söyləmək mümkün deyil.

- Qışa qədər vəziyyət bu cür davam etsə, “Neftçi”dən ayrıla bilərsənmi?
- Hələ nəsə demək çətindir. Komanda hazırda 4 oyundan 10 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

- Hücum xəttində əsas rəqibin Bahodir Nasimovdur. O da hər oyunda qol vurur...
- Hücumçunun işi qol vurmaqdır. Nasimov da bu gün üzərinə düşəni edir, qol vurur, komandaya kömək edir.

- Yığmadan söz düşmüşkən, Almaniya ilə oyuna dəvət almasan da, bu matçda millidən nə gözləyirsən?
- Almaniya yığmasını hamı tanıyır. Qrupun aşkar favoritidir. Çətin oyun olacaq. Yəqin ki, uşaqlar məğlub olmamaq üçün əllərindən gələni edəcəklər. Düzdür, reallığı nəzərə alsaq, qələbə qazanmaq olduqca çətindir. Amma bu futboldur, bəzən gözləmədiyin nəticə ilə qarşılaşırsan. Almaniya ilə matç yığmamız üçün qrupun ən ağır oyunu olacaq.

- Ümumiyyətlə, millinin şanslarını necə dəyərləndirirsən?
- Fikir yürütmək çətindir. İlk oyunlardan sonra nəsə demək mümkündür. İndi ancaq kağız üzərində kimin favorit, kimin autsayder olduğunu demək olar.

Mənbə: Futbol dünyası qəzeti