Ağasəlim Mircavadov: Berti Foqts haqlıdır
03.09.2010 - 23:01
Ağasəlim Mircavadov: Berti Foqts haqlıdır
“Futbolçulara vaxtlı-vaxtında qidalanmaq vacibdir. Oruc tutan zaman istər-istəməz orqanizmdə zəiflik yaranır. Özü də bu dəfə Ramazan bayramı yaya, dəhşətli istilərə düşdü”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Mömin insan kimi tanınan Mircavadov orucluğu alqışlasa da, oyun qabağı tutmağı məsləhət görmür: “Bilirsiniz, oruc tutmaq sərbəstdir. Futbolçuları məcbur etmək olmaz ki, oruc tutma. Bu, onun şəxsi işidir. Sadəcə, xüsusilə istidə oruc tutub, məşq etmək, oynamaq çox ağırdır. Bu zaman futbolçu halsız olur. Ona görə, mən işlədiyim vaxtda futbolçulardan xahiş edirdim ki, oyuna 2 gün qalmış oruc tutmasınlar. Sağ olsunlar, onlar da sözümə qulaq asırdılar. Hələ “Neftçi”ni çalışdırdığım vaxtda Rəşad Sadıqov başda olmaqla, bir sıra futbolçular, hətta Qurban Qurbanov hər il oruc tutur və oyundan qabaq bunu etməməklə bağlı xahişimi yerə salmırdılar”.

Son iş yeri “Xəzər Lənkəran” olan təcrübəli mütəxəssis Ramazan ayında ciddi problem yaranmamağı üçün məşq proseslərini tənzimləyirmiş: “Bu zamanı qidalanma, səhər və axşam yeməklərinə xüsusi fikir verirdim. Sağ olsun həkimimiz Boris Xetaqurov, bu işdə bizə çox köməyi dəyirdi. Qidalanma məsələsi ilə birgə məsləhətləşir, oruc tutan futbolçuların da fikirlərini öyrənirdik. Orucu açan zaman adətən ilk olaraq sulu yemək lazımdır. Biz də bunu nəzərə alaraq, axşam menyusuna cürbəcür şorbalar daxil edirdik”.

Milli komandamız Avro-2012-nin seçmə mərhələsinə sentyabrın 7-də səfərdə Almaniya yığması ilə çətin sınaqla başlayacaq. Baş məşqçi Berti Foqtsu əsas narahat edən futbolçuların çoxunun oruc tutmasıdır. Elə Mircavadov da bu məsələdə alman həmkarının dəstəkləyərək, onun haqlı olduğunu düşünür: “Foqts bu məsələdə düz deyir. Futbolçuya belə çətin oyunlar öncəsi hazır olmaq, güc lazımdır. Bunun üçün vaxtında qidalanmalısan. Futbolçu hiss etməlidir ki, orqanizmi zəifləyir və bunun üçün yeməlidir. Ancaq dediyim kimi, oruc tutmağın qarşısını məcburiyyətlə almaq olmaz. Bu, hərənin özünə aid olan məsələdir. Futbolçular oyuna az qalmış oruc tutmayıb, bunu sonradan qəza kimi tuta bilərlər. Mənimlə birgə işləyən futbolçular belə də edirdilər”.

Mehman SÜLEYMANOV