Yoahim Löv: Azərbaycan yığmasına da qalib gəlməyə hazırıq
04.09.2010 - 10:13
Yoahim Löv: Azərbaycan yığmasına da qalib gəlməyə hazırıq
“Belçika yığması ilə görüşdə oyunun ritminə girmək üçün kifayət qədər çox vaxt sərf etdik. Dünya çempionatı futbolçuları çox yordu. Ona görə də mundialdan sonra oynamaq çətin idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində ilk oyununu keçirəcəyi Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

Yeni seçmə mərhələyə səfərdə Belçika yığması üzərində çətin qələbə (1:0) ilə başlayan Bundestim 3 xalı bombardiri Miroslav Klozenin vurduğu qolla qazandı. Löv sentyabrın 7-də Köln şəhərində görüşəcəkləri yığmamızla oyunda da qələbə qazanmağa hazır olduqlarını bildirib: “Dünya çempionatından sonra yenidən toparlanmaq asan deyildi. Axı mundial futbolçulardan çoxlu güc aldı. Oyunçular heç də yaxşı fiziki durumda deyildilər. Ancaq hər halda, Belçika yığması ilə oyun onu göstərdi ki, futbolçularım yeni qələbəyə hazırdır. Onlar növbəti oyunda da meydanı qalib tərk etmək istəyirlər. Belçika ilə görüş onu sübut etdi ki, futbolçular qələbə üçün acdırlar, yaxşı motivasiya olunublar. Bu, onlara inam verdi. Ona görə də növbəti oyunlarda da yetirmələrinə inanıram”.