Gənclər və idman naziri: Belə yığmanın olmağındansa, olmamağı yaxşıdır
06.09.2010 - 15:46
Gənclər və idman naziri: Belə yığmanın olmağındansa, olmamağı yaxşıdır
“Qadınlardan ibarət Azərbaycan milli komandasının uğursuz çıxış etməsindənsə, fəaliyyətini dayandırması yaxşı idi. Belə komandanın olmağındansa, olmamağı yaxşıdır. Çünki ölkəmizdə qadınlar arasında nə ölkə çempionatı keçirilir, nə də yığma üçün seçim etməyə kifayət qədər oyunçu var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Bu gün jurnalistlərlə görüşən nazir fəaliyyəti dayandırılan qadın yığmasının bu aqibəti yaşamasına münasibət bildirib. Rəhimovun sözlərinə görə, xanım futbolçulardan ibarət yığmalarımız yaxın gələcəkdə yenidən yaşıl meydanlara qayıdacaq: “Gələcəkdə qadın futbolundakı problemlər aradan qaldırılacaq. İki ildən sonra 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsi Azərbaycanda keçiriləcək. Bu məqsədlə Almaniyadan mütəxəssis dəvət olunub. O, yeni komanda formalaşdırır, seleksiya işləri aparır. Almaniyalı mütəxəssis Şirvan bölgəsindən bir istedadlı qız da tapıb. Onu daha da inkişaf etdirib, məşhur futbolçu etmək üçün Almaniyaya aparmaq fikrindədir. Düşünürəm ki, dünya çempionatına qədər yığmamız formalaşacaq. Sonradan digər yığmalarımız da fəaliyyət göstərəcək”.”

Qeyd edək ki, Almaniyadan dəvət olunan mütəxəssis 15 yaşadək qızlardan ibarət yığmamızın çalışdırıcısı Sissi Raytdır.