Aleksandr Çertoqanov: Biz onlara oyunumuzla cavab verəcəyik
13.09.2010 - 14:03
Aleksandr Çertoqanov: Biz onlara oyunumuzla cavab verəcəyik
Azərbaycan yığmasının Bakının "İnter" komandasının futbolçusu Aleksandr Çertoqanov klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Unibank Premyer Liqasının V turunun “Qarabağ”la oyunu, milli və hədəfləri barədə danışıb.

- Aleksandr, “Qarabağ”la oyun barəsində nə deyə bilərsiniz? Qələbə çətin əldə edildi?
- Oyun çətin oldu. Futbolçuların əksəriyyəti millidən qayıtmışdılar. Onların hamısı heç də yaxşı kondisiyada deyildilər, yorğun idilər. Bununla yanaşı, ardıcıl ikinci oyunu uduzmaq olmazdı. Buna görə də, qalib gəlmək üçün əlimizdən gələni etdik.

- Qələbə qolunun müəllifi oldunuz...
- Bəli, “Qarabağ”ın müdafiəçilərinin səhvindən istifadə edərək topu aldım və qapıya yönəltdim. Hər şey çox sürətli alındı.

- Milli komandanın Almaniya ilə uğursuz oyunundan sonra sizə və millinin digər oyunçularına göstərilən psixoloji təzyiqə necə üstün gəldiniz?
- Əlbəttə, 6:1 hesabı ilə məğlub olmaq çox çətindir. Güclü psixoloji təzyiq vardı. Ruhdan düşmüş vəziyyətdə idik, lakin uşaqlar sağ olsunlar. Onlar bizi ruhlandırırdılar və “Qarabağ”la oyuna hazırlaşmağa kömək etdilər.

- “Neftçi”lə oyundan sonra bəziləri “İnter”i çempionluq uğrunda mübarizədən kənarlaşdırmağa tələsmişdilər. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu, heç də belə deyil. İstədiklərini deyə bilərlər, biz onlara oyunumuzla cavab verəcəyik. Bizdə hər şey yaxşıdır və daha yaxşı olacaq.
0