“Neftçi” bəzi futbolçularını “Xəzər Lənkəran”la oyun üçün qoruyacaq
17.09.2010 - 16:27
“Neftçi” bəzi futbolçularını “Xəzər Lənkəran”la oyun üçün qoruyacaq
“Neftçi” bəzi futbolçularını “Xəzər Lənkəran”la gələn həftənin şənbə günü səfərdə keçirəcəyi vacib oyun üçün qoruyacaq. Bu haqda apasport.az saytına məlumat verən “Neftçi”nin baş məşqçisi Arif Əsədov Unibank Premyer Liqasının növbəti turunda MOİK-lə sabahkı görüşdə bır sıra aparıcı oyunçulara istirahət vermək fikrində olduğunu bildirib.

İndi çalışdırıcını əsas qayğılandıran braziliyalı yarımmüdafiəçi Flavinyonun durumudur. “Neftçi”nin yayda transfer etdiyi oyun qurucusu zədə üzündən son turda “Muğan”la görüşdə hələ ilk hissədə əvəzlənib: “MOİK-lə oyun öncəsi zədəli futbolçularımız var. Flavinyonun dizində problem yaranıb. Cərrahiyyə əməliyyatına ehtiyac olmasa da, zədəsi ciddidir. Həkimlər MOİK-lə görüşdə iştirak etməyəcək futbolçunu tez sağaltmağa çalışır. Ümid edirik ki, Flavinyo “Xəzər Lənkəran”la səfər oyununa qədər hazır olacaq. Digər braziliyalı Alessandro Viana da Silvanın da zədəsi var. Onun çiynində problemi var və MOİK-lə oyunda meydana çıxması sual altındadır. Bildiyiniz kimi, yığmamızın müdafiəçisi Ruslan Abışov bu ayın 19-da Almaniyadan müalicədən qayıdacaq və bundan sonra onun vəziyyətinə baxıb, qərar verəcəyik”.

“Neftçi”nin ən uğurlu transferi olan Bahodir Nasimov bütün oyunlarda qol vuraraq, 7 topla bombardirlər yarışına başçılıq edir. Azarkeşlər özbək hücumçunun seriyasının davamını gözləyir. Maraqlıdır ki, Əsədov Nasimovu da MOİK-lə oyunda meydana buraxmayıb, Lənkərandakı görüşə qoruyacaq? “İndi buna dəqiq cavab verə bilmərəm. Hələ bir günümüz də var. Əlbəttə, Bahodirin uğurlu çıxışını, qol seriyasını davam etdirməsini istəyirik. Ancaq onu da nəzərə alırıq ki, gələn həftə “Xəzər-Lənkəran”la çətin, mühüm səfər oyunumuz var. “Muğan”la oyunumuzun sonraya təxirə salınması bizi hazırlıq planlarımızda dəyişiklik etməyə sövq etdi. MOİK-lə oyuna hazırlıq vaxtımız azaldı, bərpa prosesimiz qısa müddətli oldu. Məcburiyyətdən dəyişiklər etməli olduq və bəzi futbolçularımıza istirahət etməyi düşünürük. Heyətimiz, seçim imkanımız genişdir və digər futbolçulara şans vermək fikrindəyəm. İstənilən halda, biz indi “Xəzər Lənkəran”la yox, MOİK-lə oyunu düşünürük. Hazırda bütün diqqətimizi sabahkı görüşə yönəltmişik”.

Mehman SÜLEYMANOV
0