Qurban Qurbanov: Komandamda bir az eniş hiss olunur
19.09.2010 - 21:11
Qurban Qurbanov: Komandamda bir az eniş hiss olunur
“Bu gün oyundan 3 xalla ayrılmaq istəyirdik, amma təəssüf ki, alınmadı. Nazim Süleymanova xoş sözlərə görə təşəkkür edirəm. AZAL komandası həqiqətən nəticəyə oynamağı bacarır və bugünkü oyunda da bunu göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

38 yaşlı mütəxəssis Unibank Premyer Liqasının VI turunun AZAL-la oyunundan sonrakı mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb: "Rəqibimiz topla çox gözəl rəftar edir və topu özlərində saxlamaqla oyunun tempini aşağı salmağı bacarırdılar. Mənə elə gəlir ki, bu baş məşqçinin göstərişi idi ki, imkan daxilində oynun tempini aşağı salsınlar. Ardıcıl 2-3 hücüm təşkil etmək olmurdu”.

Qurbanov “Qarabağ”ın oyununda geriləmənin olduğunu da etiraf edib: “Bəlkə də hava şəraiti də sürətli oyuna mane oldu. Qol imkanlarından istifadə edə bilmədik. Futbolçularıma fasilədə də tapşırmışdım ki, özlərini toparlasınlar və soyuqqanlı olsunlar. Komandamda bir az eniş hiss olunur, əsas odur ki, eniş çempionatın sonunda olmasın. Get-gedə hər şey qaydasına düşəcək. Növbəti turlara daha ciddi hazırlaşacağıq. Hesab edirəm ki, bu gün ədalətli nəticə oldu".

Mənbə: pfl.az