Rəşad Sadiqov: 6 günə 3 oyun keçirmək çox çətindir
24.09.2010 - 14:39
Rəşad Sadiqov: 6 günə 3 oyun keçirmək çox çətindir
“Qəbələ” ilə oynamaq həmişə çətin olub. Heç bir komanda Qəbələ səfərində asanlıqla qələbə qazana bilmir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqov deyib.

Ötən mövsüm “Qəbələ” ilə keçirilən 4 oyunda qələbə qazana bilməyən “Qarabağ” həftəsonu baş tutacaq görüşdə buna son qoymaq niyyətindədir. Ağdam klubunun təcrübəli yarımmüdafiəçi oyunla bağlı fikirlərini səsləndirərkən, qələbə qazana bilməmələrinə aydınlıq gətirib: “Bir tərəfdən meydanın süni örtüklü olması oyunların çox çətin keçməsinə səbəb olur. Həftəiçi “Gəncə” ilə oynadıq və qələbə qazandıq. Cəmi 3 gün sonra növbəti oyunumuzu keçirəcəyik. Bəlkə də komanda yorğun olacaq. Çünki 6 günə 3 oyun keçirmək çox çətindir. Ancaq biz peşəkar futbolçularıq, oynamalıyıq. Çalışacağıq ki, “Qəbələ” səfərindən qələbə ilə qayıdaq”.

28 yaşlı yarımmüdafiəçi necə komanda ilə qarşılaşaqlarından xəbərsiz olduğunu bildirib. O, müdafiənin dirəyi sayılan Rəşad Sadıqovun Türkiyənin “Əskişəhərspor” klubuna transfer olunmasından sonra arxa xəttin zəifləməsi məsələsinə də toxunub: “3 xallıq sistemdə heç-heçə də məğlubiyyət kimi bir şey sayılır. Bildiyimiz kimi, ötən mövsüm onlara 3:1 hesabı ilə uduzmuşduq. Ancaq o vaxtdan komandada çox dəyişikliklər olub. Açığı oyunlarına baxmamışıq. Qarşımıza necə komanda çıxacağını bilmirik. O ki, qaldı Rəşad Sadıqovun komandanı tərk etməsindən sonra müdafiə xəttinin zəifləyib-zəifləmədiyinə bunu kənardan baxan daha yaxşı bilər”.