“Xəzər Lənkəran” – “Neftçi”: Yenə heç-heçə?
24.09.2010 - 15:00
“Xəzər Lənkəran” – “Neftçi”: Yenə heç-heçə?
Unibank Premyer Liqasının VI turu çərçivəsində sabah qarşılaşacaq “Neftçi” ilə “Xəzər Lənkəran” klubları tarixlərində 15-ci dəfə üz-üzə gələcəklər. Apasport.az saytının məlumatına görə, prinsipial görüşdə daha çox heç-heçə qeydə alınır – 6 dəfə. Ancaq balansı nəzər salsaq, üstünlük “Neftçi”nin tərəfindədir.

Belə ki, “ağ-qaralar” 15 oyunun 6-da, cənub klubu isə 3-də meydanı qalib tərk edib (topların fərqi 13-11).

Derbi iştirakçıları ötən mövsüm sülhsevərlikləri ilə yadda qaldılar. Özü də maraqlıdır ki, görüşlərin hamısı eyni hesabla (0:0) nəticələndi. Azarkeşlər il yarımdır bu komandaların görüşündə qol görmür. İndi bu susqunluğu pozmaq çempionatın bombardiri Bahodir Nasimovun üzərinə düşür. İlk dəfə derbinin iştirakçısı olacaq özbək hücumçu arxada qalan 6 matçın hamısında qol vurub. Hesabında 9 qol olan Bahodir bu seriyasını Lənkəranda da davam etdirməyə iddialıdır.

Hər iki komandanın qapıçısı da özünə məxsus seriyalara malikdir. “Xəzər Lənkəran” cari mövsümdə qol buraxmayan yeganə komandadır ki, bunda yığmamızın da əsas qapıçısı Kamran Ağayevə daha çox minnətdar olmalıdır. Qol buraxmamağa görə 2-ci olan “Neftçi”nin litvalı qapıçısı Paulius Qribauskas artıq 6 görüşdə “quru seriya”ya malikdir.

“Xəzər Lənkəran”la “Neftçi” məğlubiyyətsiz seriya ilə diqqət çəkir. Təsadüfi deyil ki, cari mövsümdə yalnız bu iki komanda uduzmayıb. “Neftçi” hələ ötən mövsümü nəzərə alsaq, 12 oyundur meydanı məğlub tərk etmir. “Xəzər Lənkəran”ın seriyası isə cari mövsümdən, daha dəqiq desək, Avroliqa oyunlarından başlayır. Lənkəran təmsilçisi həmin turnirin ilk mərhələsində uduzmayaraq, mübarizəni evdə buraxdığı qolla dayandırdı – səfərdə 0:0, evdə 1:1.

Görüşdə digər maraqlı məqam məkanla bağlıdır. Belə ki, 2004-cü ildən başlayan oyunlarda həmişə öncə “Xəzər Lənkəran” meydan sahibi olur. Bu ənənə ötən mövsüm “altılıq”da da qırılmadı, indi də davam edəcək. Baş məşqçilərə gəlincə, Arif Əsədov əvvəl futbolçu (“Xəzər Lənkəran”ın kapitanı), “altılıq” oyunları zamanı isə “Neftçi”nin çalışdırıcı kimi derbidə iştirak etdi.

Avroliqada Moldovanın “Olimpiya” klubu ilə Lənkərandakı görüşdən sonra baş məşqçi postunda Ağasəlim Mircavadovu əvəzləyən rumıniyalı Mirça Rednik ilk dəfə derbiyə çıxacaq. Yeri gəlmişkən, Mircavadov “Xəzər Lənkəran” – “Neftçi” oyunlarında ən çox iştirak edən baş məşqçidir. Belə ki, yalnız 2008/09 mövsümündə derbi təcrübəli mütəxəssissiz keçib. 15 oyunun 13-də iş başında olan Mircavadov həm “Xəzər Lənkəran”, həm də “Neftçi”nin sükanı arxasında olan yeganə çalışdırıcıdır.

“Xəzər Lənkəran”la “Neftçi” arasında oyunlar

2004/05 mövsümü

“Xəzər Lənkəran” – “Neftçi” – 1:1

Oktay Dərəlioğlu – Emin Quliyev

“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov

“Qızıl oyun”
“Neftçi” – “Xəzər Lənkəran” – 2:1

Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov

2005/06 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 0:1

Nadir Nəbiyev

“Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov

2006/07 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 2:1

Zaur Ramazanov (2) – Svetoslav Stefanov

“Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets

2007/08 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 0:1

Georgi Adamiya

“Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev

2008/09 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 2:0

İvan Svetkov, Rəşad Abdullayev

“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun

2009/10 mövsümü
İlkin mərhələ

“Xəzər Lənkəran” – “Neftçi” – 0:0

“Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Final mərhələsi
“Xəzər Lənkəran” – “Neftçi” – 0:0

“Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Mehman SÜLEYMANOV
0