Arif Əsədov arxayın danışdı: Biz belə şeylərə fikir vermirik
24.09.2010 - 16:13
Arif Əsədov arxayın danışdı: Biz belə şeylərə fikir vermirik
“Denis Silvanın Lənkərandakı oyunda problemlə üzləşəcəyini düşünmürəm. Çünki onun kimi futbolçular belə görüşlərdə böyük təcrübəyə malikdirlər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Unibank Premyer Liqasının növbəti turunda sabah “Xəzər Lənkəran”la derbi oyuna çıxacaq lider komanda qələbəyə köklənib. Bakılılar ardıcıl 7-ci qələbəsini qazanıb, ən yaxın izləyicisi ilə xal fərqini 5-ə yüksəltmək fikrindədir.

Məlum olduğu kimi, futbolçular üçün keçmiş komandaları ilə görüşlər prinsipial xarakter daşıyır. Bu zaman onlar sabiq klublarının azarkeşlərinin təzyiqi altında özlərini göstərməli olurlar. Lənkərana üç xal üçün gəldiklərini deyən Əsədov braziliyalı müdafiəçisi, iki il “Xəzər Lənkəran”da oynayan Denis Silvaya güvənir. Gənc çalışdırıcı aparıcı müdafiəçisinin Lənkəranda çılğın azarkeş qarşısında oyununa görə narahat deyil: “Denis kimi futbolçular gərgin oyunları çox görüb. Mən özüm futbolçu karyeramda keçmiş komandalarıma qarşı bir neçə dəfə oynamışam. Bu görüşlərdə futbolçunun keçirdiyi hissləri bilirəm. Əksinə, fikrimcə Silva lənkəranlı azarkeşlər qarşısında ikiqat güclə oynayacaq. Prinsipiallıq yalnız idman mübarizəsi baxımındadır. Komandamızda Rəşad Abdullayev, Elmar Baxşıyev, elə mən özüm də “Xəzər Lənkəran”da oynamışam. Ona qalsa, gərək sabiq futbolçuların heç birini meydana buraxmayaq. Onda komandada futbolçu qıtlığı yaranacaq. Buna görə, biz belə şeylərə fikir vermirik”.

Qeyd edək ki, Əsədov “Xəzər Lənkəran”ın debüt mövsümündə (2004/05) kapitanı olub.

Mehman SÜLEYMANOV