“Pulun kimi çaşdırdığını kənardan görürük”
25.09.2010 - 23:01
“Pulun kimi çaşdırdığını kənardan görürük”
Azərbaycan yığmasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Samir Abasovun apasport.az saytına müsahibəsi

- Axır ki ötən mövsüm qazandığınız qızıl medala sahib çıxdınız. Təəssüratlarınızı bilmək maraqlı olardı?
- Təəssürat deyəndə ki, indi başqa komandada çıxış edirəm. Əsas olan cari mövsümün sonunda bu medallara sahib çıxmaqdır. Necə olacağını zaman göstərəcək. Ancaq desəm ki, “İnter”lə çempionluğa görə verilən qızıl medalı aldığım üçün sevinirəm, yalan olar. Heç bir həyəcan yoxdur.

- Deyəsən, sizdə “İnter”ə qarşı ögeylik yaranıb?
- Bəli, artıq yaranıb. Hansısa sevinc əlaməti yoxdur. Bütün diqqətimi “Qarabağ”ın çıxışına yönəltmişəm.

- “İnter”dən incik ayrılmısınız?
- İncik ayrılmamışam, sadəcə, bizə çatası pul var, onu hələ ala bilmirəm. “İnter” bunu hələ də həll etməyib. Onların insafına inanıram və gözləyirəm.

- Məbləğ böyükdürmü?
- Yox, maaş, bir də çempion olduğumuza görə vəd olunan mükafat qalıb. Digər oyunçulara mükafatı versələr də, mənə hələ çatmayıb.

- Niyə?
- Deyirlər ki, sən başqa komandaya keçmisən, ona görə də düşmür.

- Meydanda çılğın, əsəbi görünürsünüz. Həyatda da beləsiniz?
- Ancaq meydanda beləyəm. Özümdən asılı deyil. Bu xasiyyətimlə hamı barışıb. Kənarda çox sakit, deyib-gülən insanam.

- Buna görə irad bildirən olubmu?
- Yadıma gəlmir.

- Elə olubmu ki, dost, yaxın münasibətdə olduğunuz futbolçu ilə oyun zamanı və ya məşq prosesində savaşasınız?
- Futbol aləmində dost, qardaş səviyyəsində münasibət qurduğum insan yoxdur. Yoldaşlarım, tanışlarım çoxdur. Bəzi məqamlarda olub. Ancaq oyundan sonra bu unudulub və deyib-gülmüşük. Yəni meydanda olan, orada da qalır. Onu kənara çıxarıb, müzakirə etmirik.

- Futbolçular arasında özünüzə dost biləcəyiniz insanın olmadığını dediniz. Bu inamsızlıqdan irəli gəlir?
- Yox, dost olmaq üçün gərək yaxın olasan. Üç il “İnter” də oynadım, indi “Qarabağ”dayam. Yəni karyeramı bir klubda keçirmirəm ki, özümə də dost seçim. Klublarımızı dəyişdiyimizdən o yaxınlıq olmur. Həm də uşaqlıq vaxtlarından bir yerdə oynadığımız futbolçulardan heç biri indi oynamır. Ona görə də bu inamsızlıqla yox, tez-tez mühiti dəyişməyimizlə bağlıdır.

- Bu gün ictimaiyyətdə son 5-6 ildə əksər futbolçuların layiq olduqlarından dəfələrlə artıq pul aldıqlarından, insanı keyfiyyətlərinin aşağı düşməsi fikri yaranıb. Bununla razısınızmı?
- Nə bilim, kənardan pulun kimi çaşdırdığını görürük. Bu fikirlərlə həm razılaşmaq olar, həm də razılaşmamaq. Çaşanları görürük. Ancaq yaxşı insan həmişə insanı dəyərlərə üstünlük verir.

- Özünüz necə insansınız?
- Bunu kənardan baxanlar deyə bilər.

- Azarkeşlərdən sizə yaxınlaşıb “filan qədər pul alırsınız, oynadığını futboldan utanın” deyə olubmu?
- Deyə olub, amma heç bir reaksiya verməmişəm. Yersiz söhbətdir. Pis oynadığımız anlarla yanaşı, yaxşı çıxış etdiyimiz vaxtlar da olub.

- Dinə münasibətiniz necədir?
- Normal.

- İbadət edirsinizmi?
- Xeyr, amma oruc tuturam.

- Səxavətli insansınız?
- Bunu deyə bilmərəm. Elədiyimiz yaxşılığı heç vaxt deməyimiz düzgün deyil.

- Deyəsən, film həvəskarısınız...
- Boş vaxtlarımda əsas işim-gücüm kinolara baxmaqdır. Təbii ki, ailəmə də vaxt ayırıram. İstər yerli kino olsun, istərsə də əcnəbi - hamısına baxıram. Öz kinolarımızdan “Yol əhvalatı”na daha çox baxıram.

- Bu filmdə sizi cəlb edən hansı süjetdir?
- Hər dəfə yeni nəsə öyrənirsən. Orada mətinaltı ifadələr var. Loru sözlərimizin əksəriyyəti orada işlədilib.

- Toya dəvət alanda gedirsinizmi?
- Əlbəttə, el şənliklərindən qalmaq olmaz.

- Tamada mikrafon qarşısına dəvət edəndə, imtina etmirsiniz?
- Niyə, gedib söz də deyirik, rəqs də edirik. Burda qəbahət heç nə yoxdur.

- Futbolçu kimi arzularınıza çatmısınızmı?
- Hələ yox. Ancaq Azərbaycan futbolunda çox şeyə nail olmuşam. Kənardan deyəcəklər ki, nəyə nail olmusan... Legioner həyatı yaşamaq qismət olmasa da, arzularımdan həyata keçənləri var. “Qarabağ”la da çempion olmaq istəyirəm.

- Müsahibə zamanı səmimi olursunuz?
- Jurnalistlərlə söhbət zamanı bəli.

- Bu sonradan başınızı ağrıtmır?
- Əsas məni narahat edən məqam bəzi jurnalistlərin dediyimi öz istədikləri kimi yazmalarıdır. Bu adama pis gəlir. Düzdür, səhv yazdığını sübut etməyə çalışmamışam. Yazır, yazsın də. Buna görə irad tutublar.