Azərbaycan futbolçuları “Kadis”ə qarşı
07.10.2010 - 08:25
Azərbaycan futbolçuları “Kadis”ə qarşı
Avropa çempionatının ilkin seçmə mərhələsinə hazırlıq məqsədilə İspaniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri bu gün Bakı vaxtı ilə saat 20:30-da “Kadis” klubunun U-19 komandası ilə yoldaşlıq oyunu keçirəcək. Bu, yığmamızın İspaniyada ikinci qarşılaşması olacaq. Bunadək millimiz “Xeres”in 19 yaşadək futbolçuları ilə görüşüb 3:1 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamızın mübarizə aparacağı 3-cü qrupun oyunları oktyabrın 11-dən 16-dək Portuqaliyada təşkil olunacaq. Bu mərhələdə komandamız Portuqaliya, Yunanıstan və Gürcüstan yığmaları ilə qarşılaşacaq.

Mənbə: affa.az