Kamran Ağayev 282-ci göstəriciyə imza atdı
07.10.2010 - 10:17
Kamran Ağayev 282-ci göstəriciyə imza atdı
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) öz ölkələrinin yüksək liqalarında ən uzun “quru seriya”ya malik qapıçılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 446 nəfərlik siyahıya daxil olan beş yeni qapıçı arasında “Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev də var. İlk dəfə siyahıya düşən yığmamızın 24 yaşlı əsas qapıçısı 720 dəqiqəlik “quru seriya” ilə 282-ci göstəriciyə imza atıb. Həmin göstəriciyə ümumilikdə 9 qapıçı şərikdir ki, onlar arasında ən tanınmış kimi Moskva “Spartak”ının və Rusiya yığmasının sabiq qapıçısı Aleksandr Filimonovu qeyd etmək olar. Kamran rusiyalı İqor Akinfeyev, kolumbiyalı Fərid Mondraqon, ispaniyalı Viktor Valdes, avstriyalı Aleksandr Manninger kimi tanınmış qapıçılardan öndədir. Maraqlıdır ki, hazırda Ağayevin yığmada qapıçılarla işləyən məşqçisi olan almaniyalı Uli Ştayn da siyahıyadır və ondan göstəricisinə görə geri qalır.

Kamranın nəticəsi milli çempionatımızın İFFHS-in siyahısındakı 14-cü göstəricisi oldu. Siyahıya iki dəfə düşən təmsilçilərimizi nəzərə alsaq, Ağayev 10-cu qapıçı oldu. O, 8-ci yerli qapıçı oldu. Qalan iki çempionatımızda əcnəbi iştirakçıları – seneqallı Xalidu Sissoko ilə belaruslu Aleksandr Martyoşkindir.

Qeyd edək ki, Ağayevin İFFHS-in siyahısına düşməsində birbaşa apasport.az saytının rolu var. Bu qurumun üzvü olan saytımızın əməkdaşı Vüqar Xeyrullayev əvvəllər digər qapıçılarımızın da göstəricilərini göndərib.

Azərbaycan milli çempionatının iştirakçılarının İFFHS-dakı göstəriciləri

23. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
56. Xalidu Sissoko (“Bakı”) – 985 dəqiqə
59. Xalidu Sissoko (“Bakı”) – 971 dəqiqə
63. Camaləddin Əliyev (“Qarabağ”) – 958 dəqiqə
70. Elxan Həsənov (“Neftçi”) – 943 dəqiqə
156. Dmitri Kramarenko (“Karvan”) – 798 dəqiqə
193. Dmitri Kramarenko (“Neftçi”) – 772 dəqiqə
232. Rauf Mehdiyev (“Olimpik”) – 746 dəqiqə
236. Elşən Poladov (“Bakı”) – 744 dəqiqə
240. Nadir Şükürov (“Dinamo”) – 741 dəqiqə
254. Aleksandr Martyoşkin (“Xəzər Lənkəran”) – 735 dəqiqə
290. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720 dəqiqə
342. Camaləddin Əliyev (“Qarabağ”) – 700 dəqiqə
403. Rauf Mehdiyev (“Olimpik”) – 676 dəqiqə