Jaba AFFA-ya müraciət etdi: Haqq-ədalətin bərpasını tələb edirəm
08.10.2010 - 11:45
Jaba AFFA-ya müraciət etdi: Haqq-ədalətin bərpasını tələb edirəm
”Hakimin mənə qırmızı vərəqə göstərməsi üçün heç bir səbəb yox idi. O, rəqibi cəzalandırmalı olduğu halda, əksinə, kobudluq və ardından hakimin aldadılmasına yönələn simulyasiyaya yol verən futbolçunun fitvası ilə mənim cəzalandırılmağıma nail oldu. Bunu hamı gördü”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun braziliyalı futbolçusu Jaba olub.

Unibank Premyer Liqasının son turunda “Xəzər Lənkəran”la səfər oyunun (1:1) 73-cü dəqiqəsində baş hakim Fariz Yusifovun birbaşa qırmızı vərəqə göstərdiyi hücumçunun fikrincə, buna səbəb rəqibin rumıniyalı futbolçusu Konstantin Arbanasın kobudluğu olub: "Həmin oyun anında top məndə idi. Meydan sahiblərinin 8 nömrəli oyunçusu mənə qarşı kobud oynadı, əlləri ilə tutaraq yerə yıxdı və ayağa qalxmağıma mane oldu. Top mənim əlimdə idi və oyunu davam etdirmək istəyərkən, o yenə qarşımı kəsdi, mənə mane olmağa başladı. Bütün bunlar oyunun hakiminin gözünün qabağında baş verir. Rəqib bir oyun vəziyyətində 3 qayda pozuntusuna yer verdi: kobudluq etdi, oyunun davam etdirilməsinə mane oldu və simulyasiyaya əl atdı. Qayda pozuntusuna məruz qalan da mən, rəqibə toxunmadığım halda hakim tərəfindən oyundan kənarlaşdırılan da mən? Bu necə ola bilər, axı, o bir neçə addımlıqda idi? Onu Allaha tapşırıram, bu qərar onun vicdanının öhdəsində qalır”.

Məlum olduğu kimi, AFFA-nın İntizam Komitəsi çıxardığı qərarla Jabanın hərəkətini 4 oyunluq cəza və 4000 manatlıq cərimə ilə qiymətləndirib. Legioner AFFA-nın rəhbərliyinə müraciətində etirazını bildirib: ”Bu azmış kimi, AFFA Nizam-İntizam komitəsi mənə 4 oyunluq cəza kəsir. Hələ futbolçu karyeram ərzində belə haqsızlıq görməmişdim. Mən peşəkar futbolçu kimi hansı hərəkətin hansı cəzaya layiq olduğunu yaxşı bilirəm. AFFA-nın bu ədalətsizliyi aradan qaldıraraq, qırmızı vərəqənin ləğv olunaraq silinməsini gözlədiyimiz bir anda heç bir məntiqə əsaslanmayan belə bir biabırçı qərar verilir. Nə üçün klubumuza və şəxsən mənə qarşı qərəzli qərar qəbul olunduğunun səbəbini başa düşə bilmirəm. Belə qərarlar Azərbaycan futbolunun imicinə zərbə endirir. Bu adamların məqsədi nədir? Mən Azərbaycan futbolunun rəhbərliyinə müraciət edirəm. Haqqımda qərəzli cəza verilməsi ilə bağlı etirazımı bildirirəm. Haqq-ədalətin bərpasını və hadisəyə uyğun adekvat qərar verilməsini tələb edirəm. Futbol klubuna, futbolçuya, azarkeşə qarşı belə haqsızlıq etmək olmaz. Tanrı bu ədalətsizliyi qəbul etməz".

Mənbə: fcbaku.com