Yığmamızın kapitanı: Onların gözü qarşısında yaxşı oynayıb, mərhələ adlamağa çalışacağıq
08.10.2010 - 12:47
Yığmamızın kapitanı: Onların gözü qarşısında yaxşı oynayıb, mərhələ adlamağa çalışacağıq
“Avropa çempionatının qrup oyununda rəqiblərimiz - İspaniya və Qazaxıstan milli komandaları güclü heyətə malikdir”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan yığma komandasının kapitanı Rizvan Fərzəliyev deyib.

“Araz”la UEFA kubokunun elit raunduna vəsiqə qazanan futzalçımız yığma ilə də ən azı ötənilki uğuru təkrarlamağın vacib olduğu qənaətindədir. İspaniyanı qrupun favoriti sayan Fərzəliyev mərhələ adlayacaqlarına inanır: “İspaniyanın oyunçuları ustalıq baxımından fərqlənir. Onlar sonuncu Avropa çempionudurlar. Bu ölkənin yığması il ərzində daha çox oyun keçirir. İspaniya çempionatının səviyyəsi də yüksəkdir. Qazaxıstanın yığması ilə isə qarşılaşmamışıq. Ancaq “Kayrat”la üz-üzə gəlmişik. Düzdür, klubda braziliyalılar çox idi. Yığmada yaxşı oyunçuları var”.

Avropa çempionatının seçmə qrup mərhələsinin ölkəmizdə keçirilməsini yığmamız üçün üstünlük sayan kapitan bunun xeyrimizə olacağı bildirib: “Əlbəttə, azarkeş dəstəyi bizim tərəfimizdə olacaq. Rəqib meydanında oynayanda, onların psixoloji təzyiqini hiss edirdik. Bu dəfə azarkeşlərimiz bizi ruhlandıracaq. Onların gözü qarşısında yaxşı oynayıb, mərhələ adlamağa çalışacağıq”.

Qeyd edək ki, milli komandamız son Avropa çempionatını 4-cü yerdə başa vurmuşdu.