Zaur Tağızadə: "Neftçi"yə görə başqa klubların təklifini qəbul etmədim
08.10.2010 - 15:26
Zaur Tağızadə: "Neftçi"yə görə başqa klubların təklifini qəbul etmədim
Bakının “Neftçi” komandasının sabiq kapitanı Zaur Tağızadə klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, “ağ-qaralar”ın əvəzedici komandasına məşqçi təyin olunan 31 yaşlı keçmiş yarımmüdafiəçi karyerasını erkən bitirməsi və çalışdırıcılıqla bağlı planlarını açıqlayıb.

- Zaur, öncə "Neftçi"nin əvəzedici heyətinə məşqçi vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik edirəm, fəaliyyətinizdə uğurlar arzulayıram. Bilmək istərdim ki, peşəkar futbolçu karyeranızı bu il başa vurmaq planlarınıza daxil idimi?
- Düzünü deyim ki, planımda yox idi. Ən azı 1-2 il də oynamaq istəyirdim. Lakin axır illər tez-tez zədələnirdim, tam qüvvəmlə oynaya bilmirdim.

- Digər klublardan təkliflər alırdınızmı?
- Bəli. Amma onların heç birini qəbul etmirdim. Çünki karyeramı "Neftçi"də başa vurmaq istəyirdim. Hamıya deyirdim ki, sonuncu klubum "Neftçi" olacaq. Və belə də oldu.

- "Neftçi" rəhbərliyinin sizə məşqçi təklifini necə qarşıladınız?
- Klubun prezidenti Sadıq müəllimə minnətdarlığımı bildirirəm. Məşqçi işini o, mənə təklif etdi. Bəzi problemlərim olduğuna görə, rəhbərlikdən fikirləşmək üçün bir qədər möhlət aldım. Düşündükdən sonra öz istəyimlə "Neftçi"yə qayıtdım. Komandaya xeyir vermək istəyirəm.

- Yəqin ki, "Neftçi"yə bağlılığınız da qərarınıza təsir göstərdi?
- "Neftçi" üçün darıxmışdım. Cəmi 5 ay əvvələdək flaqmanın oyunçusu olmağıma baxmayaraq, komandadan kənarda qala bilmirdim. İstər-istəməz hər şey məni "Neftçi"yə tərəf çəkdi. Çünki bu kluba sevgim sonsuzdur.

- Məşqçilik fəaliyyətinə nisbətən aşağıdan - əvəzedici heyətin məşqçisi postundan başlamağınız düşünülmüş addımdır, yoxsa sadəcə, belə alınıb?
- Bəli, bu, düşünülmüş addımdır. Futbol mənim üçün yad sahə deyil. Ancaq bu vaxta qədər məşqçi işləməmişəm. Ona görə də fəaliyyətimə əvəzedici heyətdə başlayıb, təcrübə toplamağı məqsədəuyğun saydım.

- Əslində, məşqçi işi çox stresslidir, böyük enerji, səbir, diqqət tələb edir. Bu işin məsuliyyətindən ehtiyatlanmırsınız ki?
- Məşqçiliyin məsuliyyətli, çətin iş olduğunu bilirəm. Amma istənilən halda, özümü bu sahədə yoxlayacağam. İnşallah, yəqin ki, nəticə yaxşı olar.

- Artıq "Neftçi"nin görüşlərini kənardan izləyirsiniz. İndiki flaqman sizdə necə təəssürat oyadır?
- Komandanın oyun üslubu olduğu üçün birinci pillədə qərarlaşıb. Əsas odur ki, "Neftçi"nin futbolçuları qol vurmağı bacarırlar. Ötən mövsüm bizdə ən böyük problem hücumun "dişsizliyi" idi.

- "Ağ-qaralar"ın çempionluq şansını necə dəyərləndirirsiniz?
- "Neftçi"nin qızıl medalları qazanmaq şansını yüksək qiymətləndirirəm. Komandaya istedadlı, bacarıqlı futbolçular toplaşıblar. Son 5 ildə 1-ci yeri tuta bilməmişik. Bu mövsüm çempion olmalıyıq.