Emin Quliyev: Özümə söz vermişəm...
09.10.2010 - 23:01
Emin Quliyev: Özümə söz vermişəm...
Azərbaycan milli komandasının sabiq müdafiəçisi, hazırda isə I divizionda çıxış edən “Abşeron” klubunun formasını geyinən Emin Quliyevin apasport.az saytına müsahibəsi

- Karyeranız ərzində iddialı klublarda oynasanız da, hazırda I divizionda çıxış edirsiniz. Aşağı dəstədə oynamaq çətin deyil?
- Çətin deyil. Belə götürəndə, “Abşeron”da Premyer Liqa klublarından geri qalmır. Mirbağır İsayev yaxşı komanda formalaşdırıb.

- Komanda güclü olsa da, Premyer Liqa ilə I divizion arasında səviyyə baxımından ciddi fərq var...
- Buna görə narahat olmağa dəyməz. İnşallah, bu mövsüm Premyer Liqaya çıxacağıq və güclülər dəstəsinin komandası olacağıq.

- Bir qədər əvvələ qayıdaq. “Xəzər Lənkəran” sizə niyə azad agent statusu vermədi?
- Əvvəl transfer vərəqini vermədilər. Sonra fikirlərini dəyişdilər. Düzdür, bu müddət ərzində müəyyən fasilə yarandı və heç bir klubda oynamadım.

- Xüsusilə də bir qədər yaşlı futbolçular üçün bu cür fasilələr heç də yaxşı sonluqla nəticələnmir. Sizcə, formanızı bərpa edə bilmisinizmi?
- Şükürlər olsun ki, indi yaxşıyam. Formamı yavaş-yavaş bərpa edirəm.

- Futbolçu karyeranızın qürub çağındasınız. Geriyə boylananda nələri xatırlayırsınız?
- O qədər xatırlanası şeylər var ki. Bunları bir-bir yada salsam, gərək bir gün axşama kimi danışaq.

- Bəlkə ən maraqlı hesab etdiyiniz epizodlardan bir neçəsini danışasınız.
- Çempion və kubokun qalibi kimi yaşadım anları heç vaxt unuda bilmərəm. Moskvada erməniləri məğlub etməyimizi də yaddan çıxarmaq olmaz. Bunlar hamısı tarixdir. Zamanı gəldikcə, xatırlanacaq.

- Siz həm də legioner həyatı yaşayan futbolçularımızdansınız. Bəs karyeranız niyə istədiyiniz kimi alınmadı?
- Həmin vaxtlar cavan idim, başqa ölkədə tək yaşadığıma görə, darıxırdım. Buna görə də, vətənə döndüm. Ancaq bu gün fikirləşəndə vətənə erkən döndüyümə görə peşiman oluram.

- Yəqin “cavanlıq səhvlər”iniz çox olub?
- Olub. Şanslarım olub, istifadə edə bilməmişəm.

- Birvaxtlar “Xəzər Lənkəran”da çiyin-çiyinə top qovduğunuz Zaur Ramazanov futbolçu karyerasını başa vurdu. Həmin günlə bağlı siz hansı hissləri keçirirsiniz? Futbolçu üçün futbolla vidalaşmaq nə deməkdir?
- Belə baxanda, nə vaxtsa mən də futbolla vidalaşacağam. Arzum odur ki, tanınmış, üzdə olan futbolçularımızı həmişə belə təntənəli şəkildə yola salsınlar. Onların çəkdikləri zəhmətə hörmətlə yanaşsınlar.

- Bəs siz necə, karyeranızı bitirmək haqda düşünmürsünüz?
- Xeyr, hələ oynamaq fikrim var.

- Boş vaxtlarınızda nə edirsiniz, daha çox hansı sahə ilə maraqlanırsınız?
- Heç bir sahə ilə maraqlanmıram. İşimiz-gücümüz futboldur. Elə yeganə maraqlandığımız sahədə budur.

- Necə fikirləşirsiniz, Azərbaycanın futbol mühiti sağlamdırmı?
- Yəqin ki, sağlamdır.

- Narazı qaldığınız məqamlar, insanlar yoxdur?
- Hər yerdə xoşagəlməyən insanlar olur. Ancaq yaxşılığa doğru artımın olduğunu deyə bilərəm.

- Sizə qarşı az haqsızlıqlar olmayıb. Hansını bağışlaya bilmirsiniz?
- Bunlar oldu və keçmişdə qaldı. Hamısı yaddan çıxıb. Yenidən bu mövzuya qayıtmasaq yaxşıdır. Allah göydən baxır. Kimin haqsızlıq etdiyini görür.

- Əksər futbolçular həmkarları arasında etibar edə biləcəyi insanların azlıq təşkil etdiyini deyirlər. Bu fikirlə razısınız?
- Nə bilim, yəqin ki, etibar etmədiyim adama dost deyə bilmərəm. Çünki dost etibarlılığı ilə seçilir.

- Dostunuz çoxdurmu?
- Şükür Allaha, var.

- Mətbuatı necə, izləyirsinizmi?
- Əlbəttə.

- Haqqınızda tənqid yazılanda necə qarşılayırsınız?
- Baxır tənqidə. Ciddi tənqid olanda reaksiya verirəm. Yəni haqlı tənqiddirsə, həmin səhvi düzəltməyə çalışıram. Yox, yalandan yazılıbsa, bunun səbəbini araşdırıram.

- Hər hansı jurnalistlə sözünüzün çəp gəldiyi vaxt olubmu?
- Olub, keçib. Sonra hər şey sülhlə başa çatıb və barışmışıq.

- Nədənsə, sualları lakonik cavablandırmaqla kifayətlənirsiniz. Deyəsən, çox danışmaqla aranız yoxdur?
- Müsahibə verməkdən, efirə çıxmaqdan xoşum gəlmir.

- Gəzməklə aranız necədir?
- Yaxşı. Boş vaxtlarımda uşaqlarla görüşürəm, oturub söhbət edirik.

- Bayaq müsahibə verməklə aranızın olmadığını dediniz. Bu nə ilə bağlıdır?
- Vallah bilmirəm.

- Bəlkə dediklərinizi düzgün yazmayıblar?
- Yox, onunla bağlı deyil.

- Gündəmdə olmağı necə, xoşlayırsınız?
- Bunu kim istəməz ki.

- Meydanda çılğın hərəkətlərinizlə seçilirsiniz. Tez-tez hakimlərlə mübahisə edir, qırmızı vərəqə alırsınız. Bu nə ilə bağılıdır?
- Nə ilə bağlı olduğunu deyə bilmərəm. Amma artıq özümə söz vermişəm ki, hakimlərdən uzaq durum. Onlarla daha mübahisə etməyim. Çalışacağam ki, daha qırmızı vərəqə almayım.

- Təcrübəli və nüfuzlu futbolçu olduğunuza görə aşağı dəstədə sizə hörmət edirlərmi?
- Hörmət deyəndə, oyuna çıxdınsa, sona qədər mübarizə aparmalısan.

- Futbolçu karyerası qısa olur. Bunu nəzərə alan əksər futbolçular dar gün üçün ehtiyat yığırlar. Kimi biznes qurur, kimi də başqa sahə ilə məşğul olur. Sizdə vəziyyət necədir?
- Biznesim yoxdur. İnşallah, çalışacağam ki, futbolçu karyeramı bitirdikdən sonra yenə futbolda qalım.

- Hazırkı qazancınız sizi qane edirmi?
- Şükür Allaha, olmayan yerdə bu da yaxşıdır.

- Futbolçu kimi hansı arzunuza çatmamısınız?
- O qədər çatmadığımız arzular var ki. Futbolçunun ən böyük arzusu dünya və Avropa çempionu olmaqdır.