İqor Mitreski: Əgər qalib gəlsək, bu ümumiyyətlə nağıl olar
11.10.2010 - 09:24
İqor Mitreski: Əgər qalib gəlsək, bu ümumiyyətlə nağıl olar
“Məni bir il öncə Rusiyaya çağırırdılar. “Saturn” məni heyətində görmək istəyirdi. Ancaq Azərbaycanı seçdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun makedoniyalı futbolçusu İqor Mitreski deyib.

Uzun illər Rusiyada, Moskva “Spartak”ında oynamış təcrübəli müdafiəçi bu yay ölkəmizə gəldi. Sofiya MOİK-ini “Neftçi”yə dəyişən Mitreski yığmasının da aparıcı futbolçularındandır.

İqor sabah millisinin heyətində Avro-2012-nin seçmə mərhələsində Rusiya yığması ilə ev oyununda iştirak edəcəyindən, şimal qonşularımızın diqqət mərkəzinə düşüb: “Neftçi”dən mənə daha konkret təklif gəldi. Orada hər şey məni qane edir: sanballı komanda, yaxşı sponsor, birinci yerdə gedirik. Rusiya ilə oyun olmasa da, ora gəlirəm. Həyat yoldaşım Moskvaya heyrandır. Bu, bizim üçün ən gözəl şəhərdir. Rusiya ilə oyuna gəlincə, 0:0 hesabı əladır! Əgər qalib gəlsək, ümumiyyətlə, nağıl olar!”.