Yığmamız 12 il əvvəlki antirekordunu təkrarladı
11.10.2010 - 10:38
Yığmamız 12 il əvvəlki antirekordunu təkrarladı
Azərbaycan yığması 12 il əvvəlki antirekordunu təkrarlayıb. Apasport.az saytının hesablamalarına görə, milli komandamız Avro-2000-nin seçmə mərhələsində olduğu kimi, ilk iki oyunda böyük hesabla uduzdu. Bununla da yığmamızın baş məşqçisi Berti Foqts ilk belə uğursuzluğa düçar olan Vaqif Sadıqovun antirekordunu təkrarlamış oldu.

Foqtsun təsəllisi ondadır ki, bu oyunların hər ikisini səfərdə keçirib. Sadıqov isə Slovakiyaya səfərdə 0:3, Bakıda Macarıstana daha böyük hesabla yenilmişdi – 0:4. Bu, 2007-ci ilin oktyabrında Serbiyaya öz meydanımızda 1:6 hesabı ilə uduzduğumuz oyuna qədər evdə ən ağır məğlubiyyətimiz idi. Sadıqov isə onunla təsəlli tapa bilər ki, komandası ilk iki qarşılaşmada bu qədər top buraxmayıb. Yığmamız Foqtsun rəhbərliyi altında ilk iki görüşdə 9 dəfə oyuna mərkəzdən başlamalı olub ki, bu da bütün seçmə mərhələlər üçün antirekorddur. Düzdür, Almaniya kimi güclü rəqibə səfərdə qol vura bilsək də, iki oyunda top fərqi artıq mənfi 8-dir.

Qeyd edək ki, indiyədək yığmamıza üç dəfə rəhbərlik edən Sadıqov ötən il qısa müddətdə Foqtsun köməkçisi oldu. O, “Neftçi”yə baş məşqçi təyin olunduqdan sonra millidən ayrıldı. Foqts ardıcıl iki seçmə mərhələdə yığmamızda olan yeganə çalışdırıcıdır və onun debütü bundan yaxşı olmuşdu.

Belə ki, ötən seçmə mərhələdə iki oyunda cəmi 1 qol buraxan almaniyalı mütəxəssis xal qazanmışdı. Ümumiyyətlə, ilk iki matçda xal baxımından ən yaxşı göstərici Kazbek Tuayevə məxsusdur. O, qalib gələn yeganə mütəxəssisdir. Tuayevin DÇ-98-nin seçmə mərhələsinin ikinci oyununda Bakıda İsveçrə yığması ilə görüşdəki qazandığı uğur ilk rəsmi qələbəmiz kimi tarixə düşdü.

Azərbaycan milli komandasının seçmə mərhələlərdə ilk iki oyunları

Avro-96-nın seçmə mərhələsi

7 sentyabr. Buxarest. Rumıniya – Azərbaycan - 3:0
12 oktyabr. Mielets. Polşa – Azərbaycan - 1:0
Baş məşqçi: Ağasəlim Mircavadov

DÇ-98-nin seçmə mərhələsi
2 iyun. Oslo. Norveç – Azərbaycan - 5:0
31 avqust. Bakı. Azərbaycan – İsveçrə - 1:0
Baş məşqçi: Kazbek Tuayev

Avro-2000-nin seçmə mərhələsi
5 sentyabr. Koşitse. Slovakiya – Azərbaycan - 3:0
10 oktyabr. Bakı. Azərbaycan – Macarıstan - 0:4
Baş məşqçi: Vaqif Sadıqov

DÇ-2002-nin seçmə mərhələsi
2 sentyabr. Bakı. Azərbaycan – İsveç - 0:1
6 oktyabr. Skopye. Makedoniya – Azərbaycan - 3:0
Baş məşqçi: İqor Ponomaryov

Avro-2004-nin seçmə mərhələsi
7 sentyabr. Bakı. Azərbaycan – İtaliya - 0:2
12 oktyabr. Helsinki. Finlandiya – Azərbaycan - 3:0
Baş məşqçi: Vaqif Sadıqov

DÇ-2006-nın seçmə mərhələsi
4 sentyabr. Bakı. Azərbaycan – Uels - 1:1
8 sentyabr. Vyana. Avstriya – Azərbaycan - 2:0
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)

Avro-2008-nin seçmə mərhələsi
2 iyun. Belqrad. Serbiya – Azərbaycan 1:0
6 sentyabr. Bakı. Azərbaycan – Qazaxıstan 1:1
Baş məşqçi: Şahin Diniyev

DÇ-2010-nin seçmə mərhələsi
6 sentyabr. Kardiff. Uels - Azərbaycan - 1:0
10 sentyabr. Bakı. Azərbaycan - Lixtenşteyn - 0:0
Baş məşqçi: Berti Foqts (Almaniya)

Avro-2012-nin seçmə mərhələsi
7 sentyabr. Köln. Almaniya – Azərbaycan – 6:1
8 oktyabr. Vyana. Avstriya – Azərbaycan – 3:0