“Azərbaycanla oyuna tam hazırıq”
11.10.2010 - 10:50
“Azərbaycanla oyuna tam hazırıq”
“Xoşbəxtlikdən hazırda tam heyətlə oynayırıq. Üstəlik, komandamız tam oyun formasını yığıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Portuqaliya milli komandasının baş məşqçisi Helio Souza deyib.

41 yaşlı mütəxəssis Avropa çempionatının vətənində təşkil olunan seçmə oyunları ərəfəsində yığmasının hazırlığı haqda danışıb. O bildirib ki, bu gün Azərbaycan yığması ilə keçiriləcək oyuna tam hazırdırlar: “Seçmə mərhələyə tam hazırıq. İndi biz Azərbaycanla oyun öncəsi son dəqiqələrin zövqünü yaşayırıq. Bu müddətdə son, xırda detalları həll edib meydana çıxacağıq”.

Qeyd edək ki, baş məşqçi karyerasını “Setubal” klubunda başlayan Souza futbolçu karyerası ərzində bu komandaya sadiq olub. 1987-2005-ci illərdə klubun şərəfini qoruyan sabiq yarımmüdafiəçi il yarım ərzində Azərbaycan milli komandasının sabiq hücumçusu və hazırkı məşqçisi Vəli Qasımovla çiyin-çiyinə oynayıb. Həmyerlimiz 1997-ci ilin yayından 1999-cu ilin yanvarınadək “Setubal”da 41 oyun keçirərək 15 qol vurub.