“Fənərbaxça”nın azərbaycanlı futbolçusu əməliyyat olundu
11.10.2010 - 11:46
“Fənərbaxça”nın azərbaycanlı futbolçusu əməliyyat olundu
Türkiyənin “Fənərbaxça” klubunun şərəfini qoruyan azərbaycanlı futbolçu Mirkamil Həşimov əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, gənc istedad İstanbul təmsilçisinin 15 yaşadək futbolçulardan ibarət komandasının oyunu zamanı xəsarət alıb. “Qalatasaray”la derbi oyununda Mirkamilin ayağı qırılıb. “Acibadem Hastanesi”ndə əməliyyat olunan həmyerlimizin durumu artıq yaxşılaşıb.

“Fənərbaxça”nın baş məşqçisi Taner Sivrikaya Həşimovun zədələnməsini komandası üçün ağır itki sayır: “O, komandamıza çox fayda verirdi. “Qalatasaray”la görüşdə zədələndiyi ana qədər meydanda ən yaxşı məhz Həşimov idi”.

Qeyd edək ki, 2007-ci ildən “Fənərbaxça”da olan Mirkamil 14 yaşadək futbolçular arasında çempion titulunu qazanıb. Onun zədələndiyi derbi oyunu isə “Fənərbaxça TV” ilə bütün dünyaya yayımlanıb.