Millimiz Türkiyə yığmasının 44 illik seriyasını qırmalıdır
11.10.2010 - 16:58
Millimiz Türkiyə yığmasının 44 illik seriyasını qırmalıdır
Avro-2012-nin sabah keçiriləcək seçmə oyununda Azərbaycanla görüşəcək Türkiyə yığması 44 ildir oktyabrın 12-də uduzmur. Apasport.az saytının məlumatına görə, rəqibimiz tarixində 8-ci dəfə 10-cu ayın 12-ci günündə meydana çıxacaq. İndiyə qədərki 7 matçda türkiyəlilər 4 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız bir dəfə uduzub. Bu məğlubiyyət 1966-cı ilə, Almaniya ilə Türkiyədəki yoldaşlıq matçına təsadüf edib – 0:2.

Bundan sonrakı 12 oktyabr qarşılaşmalarında isə “ay-ulduzlular” məğlubedilməz olublar. 1975-ci ildə Rumıniya ilə yoldaşlıq görüşündə qalibi müəyyənləşdirə bilməyən rəqibimiz bundan 8 il sonra Şimali İrlandiyanı 1:0 hesabı ilə məğlub yola salıb. 22 il əvvəl öz meydanında İslandiya ilə “sülh”ə razılaşan (1:1) türkiyəlilər elə həmin rəqibi 1994-cü ildə darmadağın ediblər – 5:0. 2002 və 2005-ci illərdə isə qonşularımız Makedoniya və Albaniyanı səfər oyunlarında üstələyiblər: müvafiq olaraq 2:1 və 1:0. Rəqibimiz oktyabrın 12-də elə 12 qol vuraraq, 2 dəfə az – 6 top buraxıb.