“Oktyabr tilsimi”ni Berti Foqts qırdı
13.10.2010 - 11:45
“Oktyabr tilsimi”ni Berti Foqts qırdı
Azərbaycan millisinin Türkiyə üzərində qazandığı qələbə futbol tariximizə düşdü. Apasport.az saytının hesablamalarına görə, komandamız 18 ilik tarixində oktyabr sindromunu birdəfəlik qırdı. Nəhayət, bu ayda da evdə rəsmi oyunda qələbəyə sevindik.

Ümumiyyətlə, oktyabr yığmamız üçün ən uğursuz aylardan sayıla bilər. Təsadüfi deyil ki, ən ağır, biabırçı məğlubiyyətləri məhz bu ayda almışıq. Bu, Lixtenşteynə səfərdə, Serbiyaya evdə uduzduğumuz oyunlardır. Öz çempionatı olmayan Lixtenşteyn ilk qələbəsini (2:1) 1998-ci ilin oktyabrın 14-də məhz Azərbaycan üzərində qazanıb. 2007-ci il oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda Serbiyaya 1:6 hesabı ilə uduzmaqla, rəsmi oyunlarda ən böyük hesablı məğlubiyyətimizi aldıq.

Berti Foqtsun yığmamızın baş məşqçi postuna gəlişi ilə isə oktyabrda qələbələr qazanmağa başladıq. Bu, ilk dəfə 2008-ci oktyabrın 15-də Manamada Bəhreynlə yoldaşlıq görüşündə qazandığımız 2:1 hesablı qələbə oldu. Növbəti ilin oktyabrın 10-da almaniyalı mütəxəssis Lixtenşteyni səfərdə 2:0 hesabı ilə yenir. Bu, millimizin səfərdə qazandığı ilk və hələlik yeganə rəsmi qələbədir.

Foqts bu dəfə son Avropa çempionatının bürünc medalçısı olan Türkiyə yığmasını yendi. Bununla, komandamız tarixində 7-ci rəsmi qələbəsini qazandı. Onların siyahısına nəzərə salsaq, qalibiyyətlərin çoxunun yayda, iyundan qazanılması diqqət çəkir. Foqts yığmamızın çalışdırıcı kimi oktyabrda səfərdə Finlandiyaya 0:1, Avstriyaya 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz tarixində ikinci dəfə ilk ev oyununda qalib gəlir. Bu, ilk dəfə 14 il öncə olub və İsveçrə millisi üzərində elə Respublika stadionunda qazandığımız nəticə yığmamızın ilk qələbəsi olur. Ancaq heç vaxt yığmamız ilin son rəsmi oyununda qalib gələ bilməmişdi ki, bunu da ilk dəfə Foqtsun yetirmələri gerçəkləşdirdi.

Azərbaycan milli komandasının rəsmi oyunlarda qazandığı qələbələr

31 avqust 1996-cı il
DÇ-98-nin seçmə mərhələ oyun

Bakı. Azərbaycan – İsveçrə - 1:0
Qol: Vidadi Rzayev

5 iyun 1999-cu il
Avro-2000-nin seçmə mərhələ oyunu

Bakı. Azərbaycan – Lixtenşteyn – 4:0
Qollar: Qurban Qurbanov, Zaur Tağızadə, Vyaçeslav Lıçkin, Mirbağır İsayev

6 iyun 2001-ci il
DÇ-2002-nin seçmə mərhələ oyunu

Bakı. Azərbaycan – Slovakiya – 2:0
Qollar: Vadim Vasilyev, Zaur Tağızadə

11 iyun 2003-cü
Avro-2004-nin seçmə mərhələ oyunu

Azərbaycan – Serbiya və Çernoqoriya – 2:1
Qollar: Qurban Qurbanov-pen, Fərrux İsmayılov

28 mart 2007-ci il
Avro-2008-nin seçmə mərhələ oyunu

Bakı. Azərbaycan – Finlandiya – 1:0
Qol: Emin İmaməliyev

10 oktyabr 2009-cu il
DÇ-2010-nun seçmə mərhələ oyunu

Vaduts. Lixtenşteyn – Azərbaycan – 0:2
Qollar: Vaqif Cavadov, Elvin Məmmədov

12 oktyabr 2010-cu il
Avro-2012-nin seçmə mərhələ oyunları

Bakı. Azərbaycan – Türkiyə - 1:0
Qol: Rəşad Sadıqov

Mehman SÜLEYMANOV