Vaqif Sadıqov: Mən belə künc zərbəsini heç yerdə görməmişdim - MÜSAHİBƏ
13.10.2010 - 12:20
Vaqif Sadıqov: Mən belə künc zərbəsini heç yerdə görməmişdim - MÜSAHİBƏ
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Yığmamızın Türkiyə millisi üzərində qazandığı qələbədə sizin də payınız var. Ən azı ona görə ki, bir vaxtlar futbolumuza gətirdiyiniz oyun elementi effekt verdi və künc zərbəsinin özünəməxsus şəkildə yerinə yetirilməsindən sonra qol vurduq...
- Əlbəttə, bu, məni çox məmnun etdi. Ancaq onu deyim ki, məni tək qol yox, qələbə sevindirdi. Çünki əsas budur və sevinirəm ki, yığmamız ağır məğlubiyyətdən sonra özünü toparlayıb, Türkiyə kimi güclü rəqibdən 3 xal aldı. Millimiz cari seçmə mərhələdə ilk ev oyunundaca stadiona gələn çoxsaylı azarkeşləri sevindirdi. Komandamız ağıllı futbol oynayıb, gözəl qələbə qazandı.

- Hesab etmirsiniz ki, nəticədə Türkiyə yığmasının bizə saymazyana münasibəti, yuxarıdan aşağı baxmasının da təsiri oldu?
- Mən belə düşünmürəm. Türkiyə yığması çox güclüdür. Ancaq mənə hələ oyundan əvvəl də demişdim ki, Berti Foqts 3 ildir yığmamızı çalışdırdığından nəticə əldə etməyin vaxtı idi. Necə deyərlər, bu, artıq yetişmişdi. Yığmamız görüşə yaxşı hazırlaşaraq, qələbəyə gözəl oyunla nail oldu. Bu, kompleks şəklində qazanılan uğur idi. Yəni psixoloji durum, düzgün taktika, qələbə istəyi və əlbəttə, azarkeş amili böyük rol oynadı. Əminəm ki, gələn il bundan da yaxşı çıxış edərək, növbəti qələbələrimizi qazanacağıq. İndi əsas odur ki, bir qələbə ilə kifayətlənməyək və bunun davamı gəlsin.

- Yığmamıza 3 xal gətirən həmin künc zərbəsinin tarixçəsi haqda danışardınız. Deyəsən, bu ilk dəfə 1997-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda yoldaşlıq görüşündə olmuşdu...
- Bəli, Türkmənistan yığmasına 1:0 hesabı ilə qalib gəldiyimiz oyun idi. Onda yerinə yetirdiyimiz künc zərbəsindən sonra müdafiəçi Rasim Abışov qol vurdu. Ancaq onu deyim ki, bunu ilk dəfə 1994-cü ildə “Neftçi” klubun baş məşqçisi olduğum vaxtda tətbiq etmişdik. Xatırlayıram, çempionatda Bərdənin “Pambıqçı” klubu ilə görüşdə bundan istifadə etmişdik. O vaxt sərəncamımda olan Bəxtiyar Musayev, Mirbağır İsayev kimi futbolçular künc zərbəsini yerinə yetirilməsində iştirak edir və son nöqtəni rəqibin cərimə meydanına gələn müdafiəçi Yaşar Vabahzadə qoyurdu. Yığmaya gəldiyim zaman artıq bundan yenə istifadə edirdim. 1999-cu ildə Estoniya ilə Kiprdə keçirdiyimiz yoldaşlıq görüşü zamanı da belə qol vurmuşduq.

- Bunu haradasa görüb, məşqçiliyiniz zamanı tətbiq etməyi qərara almışdınız?
- Yox, mən belə künc zərbəsini heç yerdə görməmişdim. Sadəcə, planlaşdırmışdım. Yığmamız bundan dəfələrlə istifadə edib. Düzdür, qol vura bilmədiyimiz vaxtlar da olub. Ancaq hər halda, buna klub səviyyəsində keçirdiyimiz beynəlxalq oyunlarda cəhd etmişik. Avrokuboklarda belə künc zərbəsindən sonra qol da vurmuşuq. “Neftçi”, “Qarabağ” və başqa klublarımız bundan yararlanıb. Bu dəfə yığmamız künc zərbəsini çox səmərəli yerinə yetirdi. Şadam ki, Rəşad Sadıqov son nöqtəni dəqiq zərbə ilə qoya bildi.

- Bir sıra yığmalar artıq bu ev tapşırığımız əzbərləyib və futbolçularımızın topun üstündən tullanmasına aldanmayaraq, zərbənin qarşısını alırlar. Ancaq görünür, Türkiyə millisi bundan xəbərsiz imiş...
- Bu da onların xətasıdır. Göründüyü kimi, onlar Azərbaycan yığmasının oyunlarını ciddi təhlil etməyiblər. Hər halda, oyunlarımız zamanı bundan çox istifadə etmişik. Bu, künc zərbəsi bir növ dəb halını alıb və rəqib qapısına yol tapmaq üçün bundan yararlanırıq. Sevinirəm ki, vaxtilə etdiyim yenilik indiyə kimi futbolumuza xidmət edir.

Mehman SÜLEYMANOV