“Hər biclikdən istifadə etmək lazımdır” - MÜSAHİBƏ
13.10.2010 - 16:59
“Hər biclikdən istifadə etmək lazımdır” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Yığmamızın Türkiyə üzərində qələbə qazandığı oyun sizdə hansı təəssürat oyatdı?
- Komandamız çox istəkli oynadı. Mən çoxdan belə oyun gözləyirdim. Həmişə nəticə qazanmaq üçün yaxşı oynamağın vacibliyini demişəm. Düzdür, səhvlərimiz də oldu. Xətlər arasında əlaqənin yaxşılaşdırılması üzərində işləmək, əks-hücumları, sürəti artırmaq lazımdır. İstənilən halda, futbolçularımızı, rəhbərliyi bu layiqli qələbə münasibətilə təbrik edirəm. Komandamız qələbə əzmini göstərərək, bunun bəhrəsini gördü.

- Səmimi danışaq, bu qələbəni gözləyirdiniz?
- Bəli, gözləyirdim. Almaniya və Avstriyaya böyük hesabla uduzduğumuz səfər oyunlarından sonra da nikbin idim. Futbolçularımız artıq 2 ildir, hələ ötən seçmə mərhələdən bir yerdədirlər. Baş məşqçi Berti Foqts artıq onları yaxından tanıyır, öz komandasını qurub. Bizdə belədir ki, bir qələbə qazananda bunu sürpriz kimi qəbul edirlər. Axı bu niyə qanunauyğun olmasın? 2002-ci ildə dünya çempionatında 3-cü yeri tutduqdan sonra Türkiyə futbolunun böyük uğuru olmayıb. Düzdür, son Avropa çempionatının bürünc medalçıları olsalar da, həmin oyunu göstərmədilər. Hətta 2004-cü ildə pley-off mərhələsində Latviya yığmasına uduzaraq, final mərhələsinə çıxa bilmədilər. Əsas problem ondadır ki, onlarda sabitlik yoxdur. Türklər də sabit komanda istəyirlər və bunu nail olmaq üçün inkişaf etmək lazımdır. Onların yığmalarından sabit oyun gözləmələri başa düşüləndir. Çünki Türkiyədə infrastruktur çox gözəldir, şərait yaxşıdır, gənc yığmaları çox yaxşı oynayır. Açığı, deyilənə görə, türklərin bəzi köhnə futbolçuları bizimlə bağlı xoş olmayan fikirlər söyləyib.

- Hakan Şükür başda olmaqla, bir çoxları belə fikirlər səsləndirib...
- Belə şey heç vaxt olmamalıdır. Qalib gəlmək istəyirsənsə, rəqibə yuxarıdan aşağı baxmaq lazım deyil. Əgər sabit oynamaq istəyirsənsə, buna əməl etməlisən. Braziliya, Almaniya kimi dünyanın güclü yığmaları heç vaxt rəqiblərinə saymazyana yanaşmır. Mən yığmamızın oyunundan sonra Qazaxıstan – Almaniya görüşünün bir hissəsinə baxdım. Almanlar bütün rəqiblərə qarşı göstərdikləri güclü oyunu göstərirdilər. Yəni bütün komandalara eyni gözlə baxmaq lazımdır. Təbii ki, biz Almaniyanın oyununu heç vaxt oynaya bilmərik. Buna görə də güclü rəqiblə görüşdə öz oyununu göstərməlisən. İnşallah, gələcək matçlarda bunu inkişaf etdirib, çatışmazlıqları aradan qaldırmalıyıq.

- Rəşad Sadıqovun künc zərbəsindən sonra vurduğu qol necə idi?
- Əla, çox gözəl alındı. Bundan əvvəl yığmamız, klublarımız, elə biz də bu oyun elementindən istifadə etmişik. Bu, bizim üçün sevimli fənddir. Azarkeşlərimiz də buna öyrəşiblər. Alınanda sevinirlər, alınmayanda gülürlər ki, yenə gəlib, bundan istifadə etdilər. Bilirsiniz, Azərbaycan futbolu ağıllı, bic hərəkətlər üzərində qurulub. Türklərlə oyunda da bu biclikdən istifadə etdik. Bunda, birincisi Mahir Şükürovun künc zərbəsindən gözəl ötürmə verdiyini qeyd etməliyik. Yəni, top ona birinci qaçan Vaqif Cavadovun sol yox, sağ ayağına tərəf ötürüldü. Futbol dilində buna “uzaq ayaq” deyirlər. Vaqifdən sonra Vüqar Nadirov topu məharətlə buraxdı və Əmrə Belözğlunun yanında dayanan Rəşad Sadıqov zərbəni dəqiq vurdu. Bu qolda 4 futbolçumuzun müstəsna xidməti oldu.

- Əmrə də oyundan sonra müsahibəsində səhvini, Rəşadı tutmağın onun üzərinə düşdüyünü, ancaq bunun öhdəsindən gələ bilmədiyini etiraf edib...
- Türk futbolçular bizə qarşı birə-bir oynayırdılar. Futbol elədir ki, onda gərək hər biclikdən istifadə edəsən. Mən deyəndə ki, Azərbaycanda futbol olub, bəzi hörmət etdiyim şəxslər, jurnalistlər buna bir cür baxırlar. Axı doğrudan da biz yaxşı oyun göstərmişik. Sadəcə, qol vurmaq üçün belə bic hərəkətlərdən istifadə etməlisən. Türkiyəyə vurduğumuz qol da futbol bicliyinin nəticəsi idi.

- Bu oyunda sizə çox yaxşı tanış olan, son işlədiyiniz “Xəzər Lənkəran”da rəhbərliyiniz altında oynayan qapıçı Kamran Ağayev, müdafiəçi Elnur Allahverdiyev və yarımmüdafiəçi Rahid Əmirquliyev 90 dəqiqə forma geyindi. Onların çıxışı barədə nə deyə bilərsiniz?
- Rahid çoxdan yığmada oynamalı idi. Ancaq Foqts nəsə ona güvənmirdi. Hesab edirəm ki, Əmirquliyev hələ il yarım əvvəl millidə həmin mövqedə - yəni, dayaq yarımmüdafiəçisi kimi oynamalı idi. Ancaq baş məşqçi son oyunlarda ondan istifadə etməyə başladı, artıq əsas heyətə qoydu. Elnur həm müdafiənin sağ, həm də sol cinahında oynayır. Əslində, onun üçün hər iki cinah eynidir. Sadəcə, hər futbolçunun sevimli mövqeyi var. Elnurun universal futbolçu olması yaxşı cəhətdir. Kamrana gəlincə, bu dəfə sakit oynadı. Bu qapıçı üçün vacib amildir. Onda qapıçı özünəinamı olur və yaxşı oynayır.

- Ağayev sonda vaxtı uzatmaq üçün topu oyuna gec daxil edirdi, yerə yıxılırdı...
- Bunlar lazımsız şeylərdir. Ondan uzaq qalmaq lazımdır. Kamran emosionallığına və ən əsası, çıxışda oyununa fikir verməlidir. Bu, qapıçı üçün çox vacibdir.

- Yığmamızın ardıcıl 2 böyük hesablı məğlubiyyətindən sonra Foqtsun istefası haqda fikirlər səslənməyə başladı. Bu qələbədən sonra gələcəkdə nəyə ümid etmək olar?
- Baş məşqçi məsələsi AFFA rəhbərliyi səlahiyyətində olan məsələdir. Onlar lazım olanda yığışıb, buna qərar verirlər. Mən tez-tez baş məşqçi dəyişikliyinin tərəfdarı deyiləm. Sadəcə, bundan sonra seçmə mərhələdə uzun müddət fasilə yaranıb və bu zaman boş dayanmaq lazım deyil. Hər ay, özü də səfərdə yox, evdə yığışıb, hazırlıq keçmək lazımdır. Yəni, bu qələbə ruhunu daha artırmalıyıq.

Mehman SÜLEYMANOV