Eyni rəqib, eyni qapı, eyni vəziyyət və düşərli gün
13.10.2010 - 23:03
Eyni rəqib, eyni qapı, eyni vəziyyət və düşərli gün
Rəşad Sadıqov kapitanı olduğu Azərbaycan yığmasında 4-cü qolunu vurdu. Apasport.az saytının hesablamalarına görə, 28 yaşlı müdafiəçi son 2 qoluna eyni rəqiblə - Türkiyə millisi ilə görüşdə imza atıb. Özü də bunlar Tofiq Bəhramov adına Respublika stadionunda eyni qapıya vurulub.

Rəşad “ay-ulduzlular”la 4 il öncəki görüşdə hesabı açsa da, həmin vaxt sonradan buraxdığımız qolla qələbəni əldən vermişdik. Ancaq bu dəfə belə olmadı və hər şey bizim üçün yaxşı bitdi. Sadıqovun Türkiyənin “Əskişəhərspor” klubunda oynadığını nəzərə alsaq, onun vurduğu qol prinsipial əhəmiyyət daşıyır. Bundan əlavə, onun türklərə hər 2 dəfə ayın 12-də qol vurması diqqət çəkir.

Rəşadın vurduğu 4 qoldan yarısı yoldaşlıq görüşləri, yarısı da rəsmi oyunda olub. Özü də onun qol vurduğu oyunlarda adətən uduzmuruq. İlk 2 qol eyni ilə, eyni baş məşqçinin dövrünə təsadüf edir. Söhbət braziliyalı Karlos Alberto Torresin yığmamıza rəhbərlik etdiyi 2004-cü ildən gedir. Həmin dövrdən cərimə zərbələrini yaxşı yerinə yetirməsi ilə seçilən Sadıqov Qazaxıstan və Uelsə belə qol vurmuşdu. O, türklərin qapısına cərimə zərbəsindən yol tapmasa da, hər halda, standart vəziyyətdən istəyinə çatıb. Belə ki, ilk dəfə buna penalti zərbəsi ilə nail olan Rəşad son görüşdə künc zərbəsindən sonra qol vurdu.

Artıq 10 ildir millimizdə oynayan Rəşad müdafiəçi olsa da, məhsuldarlıq göstərir. Təsadüfi deyil ki, avrokuboklarda vurduğu 5 qolla bombardirlər siyahısındadır. Sadıqov uzun illər şərəfinin qoruduğu “Neftçi”nin heyətində qitə miqyaslı turnirdə vurduğu yeganə qol Türkiyə ilə oyunun oxşarı oldu. Yəni, onda da 28 yaşlı müdafiəçi künc zərbəsindən sonra həmin ev tapşırığından sonra eyni qapının torunu silkələyərək, hesabı açmışdı. UEFA kubokunda Avstriyanın “Rid” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionundakı oyunda da minimal fərqlə (2:1) qalib gəlmişdik.

Qeyd edək ki, Rəşad yığmada qollarının sayına görə 4 futbolçuya çatdı. Ancaq onlardan Yunis Hüseynov artıq xeyli vaxtdır futbolçu karyerasını bitirərək, məşqçiliklə məşğuldur. Kölgədə qalan Nadir Nəbiyevlə Samir Əliyev əvvəlki kimi oynamayaraq, yığmaya artıq xeyli vaxtdır çağırılmırlar. Milliləşən braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramim isə elə Türkiyə ilə oyun öncəsi hazırlıq səviyyəsi qeyri-qənaətbəxş olduğu üçün heyətdən kənarlaşdırıldı.

Sadıqovdan yuxarıda olan futbolçulardan yalnız Elvin Məmmədovla Vaqif Cavadov yığmamızın hazırkı üzvləri olduğundan, kapitanın irəliləmək şansı xeyli yüksəkdir.

Rəşad Sadıqovun Azərbaycan yığmasında vurduğu qollar

28 aprel 2004-cü il

Almatı. Yoldaşlıq görüşü. Qazaxıstan – Azərbaycan – 2:3

4 sentyabr 2004-cü il
Bakı. DÇ-2006-nın seçmə mərhələ oyunu. Azərbaycan – Uels – 1:1

12 aprel 2006-cı il
Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Türkiyə - 1:1

12 aprel 2010-cu il
Bakı. Avro-2012-nin seçmə mərhələ oyunu. Azərbaycan – Türkiyə - 1:0

Azərbaycan yığmasında ən çox qol vuran futbolçular

1. Qurban Qurbanov - 14
2. Elvin Məmmədov - 7
3-5. Branimir Subaşiç - 6
Vaqif Cavadov - 6
Zaur Tağızadə - 6
6-9. Fərrux İsmayılov - 5
Nazim Süleymanov - 5
Vidadi Rzayev - 5
Vyaçeslav Lıçkin - 5
10-14. Rəşad Sadıqov - 4
Fabio Luis Ramim - 4
Nadir Nəbiyev - 4
Samir Əliyev - 4
Yunis Hüseynov - 4

Mehman SÜLEYMANOV