Bakıda yeni stadion - FOTO
13.10.2010 - 17:43
Bakıda yeni stadion - FOTO
Bakının AZAL klubunun Şüvəlan qəsəbəsində tikilməkdə olan təlim-məşq bazasında və stadionda işlərin ilkin mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, stadionun tikintisinə məsul olan şirkətlər (yerli “Xəzər” firmasından başqa, 1 bolqar, 1 alman və 1 ABŞ şirkəti) əvvəlcədən tərtib olunmuş qrafikə əməl edərək tikinti, kommunal xətlərin çəkilməsi, meydançanın özülünün hazırlanması və səthin hamarlanması işlərini yekunlaşdırıb.

Arxada qalan müddət ərzində meydançada drenaj sistemi, tablo və işıq projektorları quraşdırılıb. ABŞ-dan dəvət olunan mütəxəssislər tərəfindən quraşdırılan işıqlandırmanın səviyyəsi meydançanın bütün sahəsinə bərabər paylanmaqla 1500 lüks olacaq. İşıq dirəklərinin hündürlüyü 42 metrdir. Stadionu ümumilikdə 250 işıq lampaları aydınladacaq.

Elektrik təminatı üçün Şimal DRES-dən 1,4 km uzunluqda ayrıca xətt çəkilib və gücü 3200 kilovat saat olan yarımstansiya istismara verilib. Bundan əlavə, idman qurğusu ən müasir dəbdə olan səsucaldıcılar, internet şəbəkəsi üçün ötürücülər, sanitar qovşaqlar və qızdırıcı sistemlərlə təmin edilib. Hazırda baza və stadionda montaj-tamamlama və abadlıq işləri aparılır. Eyni zamanda su anbarında, üzgücülük hovuzunda və ikinci tribunada işlər başa çatmaq üzrədir. Yaxın vaxtlarda isə bolqarıstanlı mütəxəssislər meydançanın örtüyünün döşənilməsinə başlayacaqlar.