Qus Hiddinkin cavabını verdilər: Get əvvəl Azərbaycanı ud, sonra danış
14.10.2010 - 10:09
Qus Hiddinkin cavabını verdilər: Get əvvəl Azərbaycanı ud, sonra danış
Azərbaycan milli komandasının Türkiyə üzərində qələbəsinə Hollandiyada da seviniblər. Apasport.az saytının məlumatına görə, yığmamız Avro-2012-nin seçmə oyununda 1:0 hesabı ilə qalib gəlməklə, “narıncılar”ın baş məşqçisi Bert van Marveykə xoş sürpriz bəxş edib. Neçə vaxtdır Türkiyə millisinə rəhbərlik edən həmyerlisi Qus Hiddinkə qəzəbli olan Marveyk də komandamızın ona verdiyi əsasdan tam yararlanıb.

3 ay əvvəl CAR-da başa çatan dünya çempionatının final mərhələsində komandasını ikinci yerə daşıyan mütəxəssis Hiddinkin paxıllığına layiqli cavab verib: “Mən Qusun axmaq-axmaq sözlərindən müdafiə olunmaq fikrində deyiləm. Onun belə şeylər danışması məni çox üzür. Lakin ona uğurlar arzulayıram. Qoy, onun komandası heç olmasa nə vaxtsa final mərhələsinə çıxsın, sonra danışsın. Yoxsa ki, Türkiyə yığması ardıcıl 2 oyundur uduzur. Son görüşdə isə gözlənilmədən Azərbaycana da məğlub oldu”.

Xatırladaq ki, az əvvəl Hiddink Hollandiya yığmasının mundialdakı oyununu sərt tənqid etmişdi. O, dünya çempionatının final mərhələsinin 7 oyunu ərzində yalnız 35 dəqiqə əsl Hollandiya yığması gördüyünü, “narıncılar”ın Braziliya ilə görüşün qısa bir hissəsi istisna olmaqla, özünə bənzəmədiyini bildirmişdi.