Bülənt Uyğun: Rəşad Türkiyədə alqışlarla qarşılandı - MÜSAHİBƏ
14.10.2010 - 16:29
Bülənt Uyğun: Rəşad Türkiyədə alqışlarla qarşılandı - MÜSAHİBƏ
Türkiyənin “Əskişəhərspor” klubunun baş məşqçisi Bülənt Uyğunun apasport.az saytına eksklüziv müsahibəsi

- Azərbaycan - Türkiyə oyununun nəticəsini necə qarşıladınız?
- Qardaş ölkə saydığımız Azərbaycan yığması ilk dəfə bizi yendi. Bu, sizlərə böyük sevinc bəxş etdi. Bizə futbolunuzun inkişafda olmasını görmək çox xoşdur. Üstəlik, oyunda qələbə topunun müəllifi klubumuzun futbolçusu Rəşad Sadıqov oldu. Bu, bizi çox sevindirir. Qazanılan bu uğura görə Azərbaycan futbolunu təbrik edirəm. Düşünürəm ki, daha böyük nailiyyət əldə etmək üçün çox şey etməli, uşaq futboluna, infrastruktura böyük diqqət ayırmalısınız. Yeni meydançalar, bazaların tikilməsi çox vacibdir. Bunlar Azərbaycan futbolunun inkişaf istiqamətləridir. Türkiyə yığması kimi rəqiblərə qalib gəlməyin sevincini hər zaman yaşamaq üçün futbola sərmayə qoyulmalıdır. Bunun qarşılığını mütləq görəcəksiniz. Necə ki, Azərbaycan yığması belə tarixi uğura imza atdı. Gənc futbolçularınıza böyük diqqət göstərilməlidir. Azərbaycan futbolunun gələcəyi onlarla bağlıdır.

- Yəqin ki, görüşü izləmisiniz. Oyun sizdə hansı təəssürat oyatdı?
- Baxımlı idi. Azərbaycan yığması mübarizliyi ilə yadda qaldı. Müəyyən bir oyun sistemini “oturda bilmişdilər”. Bundan əvvəl belə şey nəzərə çarpmırdı. Futbolçularınız meydanda döyüşkənliyi ilə seçildi.

- Görüşdən öncə apasport.az saytına müsahibənizdə demişdiniz ki, Azərbaycan evdə Türkiyədən xal ala bilər. Sizdə bu inam haradan idi?
- Milli komandanız evdə yaxşı oynayır və qazandığı qələbə ilə sözlərimi təsdiqlədi.

- Sizcə, yığmanızın məğlubiyyətinin səbəbi nədir? Rəqibə saymazyana münasibət, yoxsa?
- Millimizin Almaniyada aldığı böyük hesablı məğlubiyyət öz sözünü dedi. Futbolçularımız Bakıya ruh düşkünlüyü ilə gəlmişdilər. Onlar Azərbaycanla görüşə konsentrasiya ola bilmədilər. Asan qələbə qazanacaqlarını düşündülər. Türk futbolçuların ən böyük problemi də bundadır. Onlar böyük oyunlardan sonra zəif rəqiblərlə görüşə köklənə bilmirlər. Belə komandaları özlərinə rəqib görmürlər və sonda da bunun acısını çəkirlər. Yığmamız rəqibi saymamağının qarşılığında belə məğlubiyyətlər alır. Bu üzdən Bakıda belə nəticə ilə üzləşdik.

- Azərbaycan yığmasının qələbə topunu komandanızın futbolçusu Rəşad Sadıqov vurdu. Onun fərqlənməsi Türkiyədə karyerasına mənfi təsir etməyəcək ki?
- Yox, mən belə düşünmürəm. Hər şey gözəldir.

- Bəs Sadıqovu komandada necə qarşıladılar?
- Çox yaxşı. Bütün futbolçularımız onu alqışlarla qarşıladılar. Biz də xoşbəxtik, Rəşad da. Sadıqov tarixi qələbənin memarı oldu. Bu üzdən onu təbrik edirik.

- Türkiyədə qınaq obyektinə çevrilmədi?
- Yox-yox. O, peşəkar futbolçu kimi öz işini gördü. Rəşadı Türkiyədə hər kəs alqışlarda qarşıladı. Bu, yalnız komanda yoldaşlarına yox, bütün insanlara aiddir. Sadıqovu Türkiyədə hər kəs qardaş ölkənin futbolçusu kimi qəbul edir. Əksinə, Rəşad vurduğu qolla gerçəkləri göstərdi. Məhz komandamızın futbolçusunun fərqlənməsi bizlər üçün də sevindiricidir. Rəşad bizi hər kəsə göstərdi və buna görə “Əskişəhərspor”lular tərəfindən alqışlara layiq görüldü. Sadıqova burda hər hansı şəkildə təpki yox, əksinə, sevgi var.

- Rəşadla oyunla bağlı söhbətləşdinizmi?
- Yox, belə fürsətimiz olmadı. Ancaq ola bilsin ki, görüşərək, fikir mübadiləsi apardıq.

Mehman SÜLEYMANOV