Arif Əsədova şərik tapıldı
14.10.2010 - 17:05
Arif Əsədova şərik tapıldı
Sabah 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Avro-2011-in ilkin seçmə mərhələsinin Gürcüstan yığması ilə oyunu komandamızın baş məşqçisi Bernard Lippert üçün əlamətdar olacaq.

Belə ki, 48 yaşlı mütəxəssis U-19-u 9-cu seçmə oyununa çıxaracaq. Bununla da almaniyalı yığmamızın rekorduna şərik olacaq. Lippert 2009/10 mövsümünün həm ilkin seçmə, həm də elit-raundunun hər birinin 3 qarşılaşması zamanı yığmanın “sükanı arxasında” olmuşdu.

Portuqaliyada meydan sahibləri və Yunanıstanla görüşlərdə millimizə rəhbərlik edən çalışdırıcı sabah baş tutacaq 9-cu qarşılaşma ilə Arif Əsədova çatacaq. Hazırda “Neftçi”yə rəhbərlik edən 40 yaşlı mütəxəssis Avro-2007-nin ilkin və elit, Avro-2008-in isə ilkin mərhələlərinin hərəsində 3 matç iş başında olmuşdu.

Matçın nəticəsindən asılı olmayaraq, Əsədovun oyun sayındakı rekorduna şərik olacaq Lippert daha bir göstəricidə həmkarına çata bilər. Bunun üçün isə yığmamız qalib gəlməlidir. Belə ki, millimiz Əsədovun rəhbərliyi altında 11, almaniyalı ilə isə 8 xal toplayıb.

Qeyd edək ki, U-19-u seçmə mərhələ oyunları zamanı 11 baş məşqçi çalışdırıb.